ABŞ Konqresi 1992-ci ildə Azərbaycana birbaşa hərbi yardımı qadağan edən 907-ci düzəlişi qəbul edib. 2002-ci ildən bu düzəliş ABŞ Prezidenti tərəfindən hər il 1 il müddətinə dayandırılırdı.
Bayden hakimiyyəti dövründə “907-ci düzəliş” yenidən tətbiq edilməyə başlanıb. 2023-cü ilin noyabrında Konqresin Yuxarı Palatası Azərbaycana yardımla bağlı qadağanı nəzərdə tutan “S.3000” qanun layihəsini təsdiqləyib. Senator Petersin təşəbbüsü ilə hazırlanan qanun Azərbaycanla bağlı “907-ci düzəliş”in qüvvəsini dayandırmamağı nəzərdə tutur.
Yeni hakimiyyətə gələn Trampın dövründə 907-ci düzəliş dayandırılacaqmı?
Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan-ABŞ beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Azərbaycana qarşı 907-ci düzəliş utancvericidir:
"Bu qərarı ikiqat utancverici edən Bayden administrasiyası oldu. Azərbaycan artıq ABŞ-nin Əfqanıstanda bütün ağırılı-acılı, çətin funksiyasını yerinə yetirdi. Bundan sonra yendiən Azərbaycana erməni lobbisinin təsiri altında 907-ci düzəliş tətbiq etməyə başladılar. Öz-özlüyündə 907-də göstərilən yardımın, dəstəyi miqdarı o qədər cuzidir ki, Azərbaycan üçün o heç nədir. Onun heç bir əhəmiyyəti yoxdur. Amma rəmzi olaraq bu ABŞ-nin öz maraqlarına, dünyada, xüsusilə də Cənubi Qafqaz regionunda roluna, mövcudluğuna qarşı mənfi təsir edən ən utancverici qanunlardan biridir".
Komitə sədri yeni Prezident administrasiyasının məsələyə yenidən baxmalı olduğunu deyib:
"Tramp administrasiyası sağlam düşüncə inqilabını edir. Onun sonuncu bəyanatları, atdığı addımlar bölüşdüyümüz dəyərlərdir. Söhbət ailə dəyərləri, suverenlik, müstəqillik, milli maraqların qorunmasından gedir. ABŞ-nin milli maraqları çərçivəsindədir ki, Qafqazda ən güclü, təsirli etibarlı tərəfdaşla normal münasibət təşkil etsin. ABŞ bunu heç qəbul etməməli, ikinci dəfə təsdiqləməməliydi. İndi məsələlər necə olacaqsa, bu barədə yeni administrasiya düşünməlidir. Görsünlər, bu onlara xeyir gətirir? Məncə bu ziyandan başqa bir şey vəd etmir".