“Yarışın qənaətbəxş keçdiyini düşünürəm, amma bundan da uğurlu ola bilərdi”.
Bunu İdman.biz-ə Azərbaycanın güllə atıcısı Vladislav Kalmıkov deyib.
Snayper Almaniyanın Münhen şəhərində keçirilən beynəlxalq yarışda qazandığı 2 medalı şərh edib. O bildirib ki, fəxri kürsüyə yüksələcəyinə inamı olub: “Düzü, mübarizəm qızıl uğrunda idi, lakin gümüş və bürünc medal qazandım. Bundan sonrakı məqsədlərimə çatmaq üçün əlimdən gələni edəcəm. Olimpiadaya lisenziya qazanmaq və ölkəmə Olimpiya medalı gətirmək ən böyük hədəfimdir”.
Kalmıkov bildirib ki, millidəki komanda yoldaşı - əsas rəqibi Ruslan Lunyov bütün gənc atıcılara örnəkdir: “Onun bu sahədə yetərincə təcrübəsi var. Biz bu gün Azərbaycanı birlikdə təmsil edirik. Sağlam rəqabətin şərtlərinə əsaslansaq, deyə bilərik ki, kim güclüdürsə, qalib olmağa da o layiqdir. Bu həm Ruslan Lunyovla, həm də digər gənc atıcılarla rəqabətimə aiddir”.
Aytac Sahəd
İdman.biz