AZ

Nöqsanlara görə işdən çıxarılan direktor vəzifəsinə qaytarılıb? - Rəsmi CAVAB

Ötən il nöqsanlara görə işdən çıxarılan Şərur rayonunun Muğançıq Mehrab kənd məktəbinin direktorunun vəzifəsinə qaytarıldığı barədə xəbərlər yayılıb. 

Modern.az-ın məlumatına görə, müəllimləri və valideynlər keçmiş direktorun yenidən işinə bərpa olunması qərarına etiraz edib.

Məsələ ilə bağlı Naxçıvan Təhsil Nazirliyi ilə əlaqə saxladıq.

Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, Şərur rayon Muğancıq Mehrab kənd tam orta məktəbinin kollektivi və məktəbdə təhsil alan şagirdlərin valideynlərinin şikayəti əsasında Şərur Rayon Təhsil Şöbəsi tərəfindən yaradılmış Komissiya tərəfindən adıçəkilən məktəbdə monitorinq aparılıb.

"Məktəbdə aparılan monitorinq zamanı məktəb direktorunun fəaliyyətində bir sıra nöqsanlar aşkar edilib . Belə ki, kargüzarlıq işinin təşkili və dərs bölgüsü mövcud qanunvericilik aktlarının tələblərinə uyğun təşkil edilməyib, əmək qanunvericiliyin tələblərinə zidd hərəkətlərə yol verilib, dərnəklərin keçirilməsi ilə bağlı heç bir sənədləşmə aparılmayıb, məktəbdə təhsilalanın təlim prosesində məzmun standartlarından irəli gələn bilik və bacarıqların mənimsənilməsinə yönəlmiş fəaliyyətin təşkili ilə bağlı keçirilən Kiçik Summativ Qiymətləmdirmələr zamanı ciddi pozuntulara yol verilib. Bundan başqa monitorinq zamanı aşkar olunub ki, məktəbin sabiq direktoru Sinduz Cəfərova öz qulluq mövqeyindən istifadə edərək müvafiq üsullarla sənədləşdirməklə əvəzçilik qaydasında dərs məşğələlərinin saatlarının mənimsənilməsi, o cümlədən həmin dərs saatlarına görə bir neçə müəllimdən hər ay nağd şəkildə pul vəsaitinin alınması hallarına yol verib. Yol verdiyi nöqsanlara görə sabiq direktor Sinduz Cəfərova Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndin uyğun olaraq tutduğu vəzifədən azad edilib. Qeyd olunan qərarla razılaşmayan sabiq direktor Naxçıvan Şəhər Məhkəməsinə müraciət edib. Məhkəmə baxışı zamanı Şərur Rayon Təhsil Şöbəsinin monitorinq komissiyası tərəfindən sabiq direktor Sinduz Cəfərovanın əmək fəaliyyəti dövründə yol verdiyi qanun pozuntusu və ciddi nöqsanların aşkarlanması ilə bağlı aparılmış sənədləşmə prosesi zamanı texniki səhvliklərə səbəb olan müddət pozuntuları, eləcə də kargüzarlıqla bağlı müəyyən çatışmazlıqlar aşkarlanıb. Bu səbəbdən Naxçıvan Şəhər Məhkəməsi tərəfindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müvafiq əmrinin ləğvi, Sinduz Cəfərovanın Şərur rayon Muğancıq Mehrab kənd tam orta məktəbinin direktoru vəzifəsinə bərpası və ona məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə Qətnamə qəbul edilib. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Naxçıvan Şəhər Məhkəməsinin Qətnaməsindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apellyasiya şikayəti verilib. Məhkəmə prosesinin yekunu ilə bağlı əlavə məlumat veriləcək", - açıqlamada deyilir.

Qeyd edək ki, Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada şagird sayı 150-dək olan ümumtəhsil müəssisələrinə direktor vəzifəsi üçün keçirilən müsabiqədə uğur qazanan Kamil Bayram oğlu Məmmədov 01 noyabr 2024 tarixindən Şərur rayon Muğancıq Mehrab kənd tam orta məktəbinə direktor vəzifəsinə təyin olunub.

Seçilən
16
50
modern.az

10Mənbələr