Mətin Məmmədli: "Trampın bu fikri Qəzzada yaşayan insanların, Qəzza əhalisinin fundamental hüquqlarına hörmət baxımından adekvat deyil"
ABŞ prezidenti Donald Tramp Misir və İordaniyaya İsrailin HƏMAS qruplaşmasına qarşı müharibəsi nəticəsində dağıdılan Qəzza zolağından fələstinliləri qəbul etmələri ilə bağlı çağırış edib.
Tramp Misirə və İordaniyaya müraciət edib ki, Qəzza qaçqınların qəbul etsinlər.
İsrail Qəzzanı yerlə bir edib, 2 milyondan çox əhali dağıntıların altında yaşayır, ABŞ kimi dünya gücləri müharibəni dayandıraraq Qəzzanı bərpa etmək və müstəqil Fələstin dövləti yaratmaq çağırışları etmək əvəzinə, faktiki Qəzzada etnik təmizləməyə çağırış edir.
Tramp bilir ki, qəzzalı qaçqınlar gedib Misirdə, İordaniyada yerləşsələr bir daha geri qayıtmayacaqlar. ABŞ prezidentinin bu çağırışı, əslində, etnik təmizləməyə rəvac vermək, etnik təmizləmə deməkdi. Trampın "qaçqınları qəbul edin" çağırışına Misir də, İordaniya da, Fələstinin özü də, HƏMAS da etiraz edir. Haqlı sual yaranır ki, bu necə həll yoludu? Belə də həll yolu olar?
"Hesab edirəm ki, bu kimi fikirlərlə və təşəbbüslərlə ABŞ özünün regiondakı roluna mənfi təsir göstərir"
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ABŞ prezidentinin bu çağırışı münaqişənin həllinə heç bir kömək etmir, əksinə, başqa neqativ hallara yol aça bilər.
"Belə hesab edirəm ki, Trampın bu fikri Qəzzada yaşayan insanların, Qəzza əhalisinin fundamental hüquqlarına hörmət baxımından adekvat deyil. Fikrimcə, hər halda münaqişənin həlli beynəlxalq hüquq normaları, siyasi normalar, dəyərlər baxımından o qədər də doğru hesab edilə bilməz. Fikrimcə, Tramp bu fikrini o formada bildirib ki, Qəzza 1 il 4 aydır İsrail hərbi qüvvələri tərəfindən hücuma məruz qalıb, xeyli sayda binalar, infrastruktur məhv edilib. Yəni Qəzzanın bərpası üçün 10 milyardlarla, bəlkə də daha çox vəsait lazımdır. Onun binalarını yenidən inşa etmək, yaşayışı təmin etmək üçün böyük vəsait tələb olunur. İndi həll yolu kimi bunu təklif etmək ki, ordan insanlar köçürülsün və sair, bu qətiyyən normal sayıla bilməz".
M.Məmmədli hesab edir ki, bu, qeyd etdiyi kimi, adekvat həll yolu deyil. O bildirdi ki, İsrail - Fələstin münaqişəsinin həlli Fələstinin müstəqil dövlət olmasından keçir. "Azərbaycanın da, ABŞ-ın da mövqeyi bundan ibarət olub ki, müstəqil Fələstin dövləti yaradılmalıdır. Fələstin dövlətinin yaradılması barədə razılığa gəlməklə münaqişə həll oluna bilər. Məncə, ABŞ bu məsələnin üstündə dayanmalıdır ki, bu dövlət yaradılsın. Digər qeyri-adekvat təkliflər düşünmürəm ki, hazırda tərəflər arasında münaqişənin həllinə töhfə verəcək. Əksinə, hesab edirəm ki, bu kimi fikirlərlə və təşəbbüslərlə ABŞ özünün regiondakı roluna mənfi təsir göstərir"-deyə M. Məmmədli qeyd etdi.
İradə Sarıyeva