1993-99-cu illərdə “Yuventus”dakı parlaq çıxışı ilə yadda qalan Ancelo Di Livio bir neçə gün əvvəl “tuttojuve.com” saytının qonağı olub.
"Football-plus.az" xəbər verir ki, indi 58 yaşında olan sabiq yarımmüdafiəçi sıralarında böyük uğurlar qazandığı komanda ilə bağlı sualları cavablayıb.
- Ən son xəbərlərdən biri ilə başlayaq: Kambyasonun “Mançester Siti”yə satılmaq ehtimalı var. Bu haqda nə düşünürsüz?
- Məncə, 80 milyon təklif olunursa, istənilən oyunçu satıla bilər. Çünki belə təklifdən imtina edilmir. Fikrimcə, “Yuventus” böyük zirvələrə yüksəlmək üçün italiyalı oyunçuların özəyini təşkil etdiyi komanda quruculuğu ilə bağlı ənənəni bərpa etməlidi. Məndən olsaydı, Andreanı komandada saxlayardım, amma kluba pul lazımdısa...
- “Yuventus”un Berqamoda (“Atalanta” ilə həftəiçi keçirilən matç 1:1 hesabıyla nəticələnib – red.) sərgilədiyi oyunu sizdə hansısa müsbət emosiyalar oyatdı?
- Komanda məndə çox xoş təəssüratlar oyatdı. Çətin səfərdə yaxşı oynadı və mübarizə apardı. Biz uduza bilərdik, amma qələbə qazana da bilərdik. Əsl “Yuventus”un mentallığı məhz bu cür olmalıdı.
- Böyük qələbələr qazandığınız “Yuve”nin sabiq oyunçusu kimi siz də hazırkı komandanın məşqçisi və futbolçuları ilə birlikdə qələbəyə mübtəla ola bilmədiyini düşünürsüz?
- Qələbəyə mübtəla olmaq hissini gərək həmişə içində hiss edəsən. Müxtəlif cür qalib gəlmək olar, bəzən mentallıq da kömək edə bilər. Tyaqo Motta bu mentallığın daşıyıcısıdı, lakin, təəssüf ki, “Yuve” çempionatda həddən artıq xal itirib. Problem yalnız bundadı. Ümumi götürəndə Tyaqonun ideyaları yeni qurulan komanda üçün vacibdi.
- Baş məşçqi Koopmeynersi əvəzolunmaz oyunçu hesab edir. Necə düşünürsünüz, nə üçün Duqlas Luis ilə müqayisədə niderlandlıya daha çox şans verir?
- Koopmeyners ilə Duqlas Luis kluba baha başa gəliblər. Onlar inkişaf etməli və anlamalıdılar ki, olimpin zirvəsinə yalnız oyun keyfiyyətləri və təcrübə sayəsində yüksəlmək mümkündü. Bu səbəbdən hər ikisi futbol ictimaiyyətinə hələ çox şeyi sübut etməlidi.
- Yarımmüdafiə xəttində çıxış edən hansı oyunçudan heç vaxt imtina etməzdiniz?
- Lokatellidən heç vaxt imtina etməzdim. Çünki o, Tyaqo Mottanın sistemində öz rolunun öhdəsindən əla gəlir. Məncə, Lokatelli öz ampluasında ideal oyun sərgiləyir.
- Klub artıq Kolo Muani ilə Koştanı transfer edib. Bu keçidləri şərh edərdiniz. Skudetto uğrunda mübarizənin böyük ölçüdə arxada qaldığını nəzərə alsaq, bu oyunçuları Çempionlar Liqasında uğurlu çıxış üçün faydalı hesab etmək olar?
- Koşta yaxşı fiziki göstəriciləri olan gənc futbolçudu. O, ilk növbədə İtaliyada müəyyən oyun mexanizmlərinə alışmalıdı. Kolo Muani Koşta ilə müqayisədə təcrübəli və universaldı. Hücumun müxtəlif mövqelərində oynamağı bacarır. Düzünü desəm, ondan çox şey gözəyirəm. Razıyam, bu mövsüm skudetto artıq mümkün görünməyən hədəfdi, amma Çempionlar Liqasına vəsiqə qazanmaq şansı qalır. Gərək bu şansdan istifadə edəsən.
- Tyaqo Motta Kolo Muaninin transferində mühüm rol oynayıb. Məntiqi sual ortaya çıxır: fransalı özünü ən yaxşı tərəfdən göstərsə, Vlahoviçi əsas heyətdən kənarlaşdıra bilər?
- Yalnız Motta deyil, məncə, bu keçidin baş tutmasında idman direktoru Cuntolinin də əməyi vurğulanmalıdı. Yəni transfer birgə fəaliyyətin nəticəsində mümkün olub. Kolo Muani Vlahoviçin əsas əvəzləyicisi hesab olunur. Biz ona böyük ümid bəsləyirik. Onlar birgə oynaya da bilərlər. Hər şeyin yaxşı olacağına emid edək.
- Bu ay komandaya qoşula biləcək müdafiəçilərin siyahısı getdikcə daralır. Siz Tomoriyə üstünlük verərdiniz?
- “Yuventus”a uyğun gələn müdafiəçilər hələ də kifayət qədərdi. Tomori xoşuma gəlir. Onu yenidən Kalulu ilə birgə oynayan vəziyyətdə görmək istəyərdim (müdafiəçilər ötən mövsüm “Milan”da birgə çıxış ediblər – red.). Birlikdə ideal cütlük ola bilərlər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta