İndoneziyanın Yava adasının şərqində yerləşən 3676 metr yüksəklikdəki Semeru vulkanında partlayış baş verib.
Yerli mətbuatın məlumatına görə, İndoneziyanın Yava adasındakı Malanq və Lumacanq bölgələrinin sərhəddində yerləşən Semeru vulkanı yerli vaxtla saat 06.21-də püskürüb.
Semeru Vulkan Müşahidə Stansiyasının rəsmisi Sigit Rian Alfian, etdiyi yazılı şərhdə, partlayışda külün dəniz səviyyəsindən 4 min 776 metr yüksəkliyə yüksəldiyini qeyd edib.
Alfian bölgə sakinlərini vulkandan uzaq təhlükəsiz əraziyə getməyə çağırıb və partlayış nəticəsində ətrafa daşların sıçraya biləcəyini bildirib.
Qeyd edək ki, 2021-ci ildən aktiv olan Semeru vulkanında həyəcan səviyyəsi ikinci mərhələdədir.