Milli Qəhrəmanımız İqor Kşnyakinin oğlu Oleq Kşnyakin atasının məzarını ziyarət edib.
O, hazırda UTAIR aviaşirkətinin mülki aviasiya sistemində çalışır.
Qeyd edək ki, 2024-cü il dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus “Embraer 190” təyyarəsi Rusiya hava hücumundan müdafiə qüvvələrinə məxsus Pantsir-S1 zenit raket kompleksi ilə vurulub. İqor Kşnyakin və ikinci pilot Aleksandr Kalyaninov təyyarənin idarəetmə sistemlərinin sıradan çıxmasına baxmayaraq, təyyarəni Xəzər dənizi üzərindən Aktau Beynəlxalq Hava Limanına yaxın əraziyə yönləndirib. Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəza enişi zamanı təyyarə yerə çırpılıb.
Pilotların səyi nəticəsində təyyarənin göyərtəsində 67 nəfərdən 29-u sağ qalıb.
İqor Kşnyakin, təyyarənin ikinci pilotu və bir ekipaj üzvü, habelə 35 sərnişin qəza zamanı həyatını itirib.
İ.Kşnyakin 29 dekabr 2024-cü ildə II Fəxri xiyabanda dəfn olunub.
Prezident İlham Əliyev qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Ölümündən sonra Kşnyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç və Əliyeva Hökumə Cəlil qızına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.