Çempionluq uğrunda mübarizə aparan İstanbul nəhəngləri “Qalatasaray”la “Fənərbaxça” bu qışın ilk transferlərini reallaşdırıblar.
Öncə “Qalatasaray”ın transferi haqda danışaq. “Cim-Bom” uzun müddətə sıradan çıxan Mauro İkardinin boşluğunu Ahmed Kutucu ilə doldurub. 24 yaşlı forvard 5,9 milyon avro qarşılığında Arda Turanın çalışdırdığı “Eyüpspor”dan transfer edilib. Onunla 3,5 illik müqavilə imzalanıb. Ahmedin bu mövsümün ikinci dövrəsi üçün maaşı 20 milyon lirə (təxminən 535 min avro) təşkil edəcək. Gələn mövsüm onun maaşı 50 milyon lirəyə (təxminən 1,3 milyon avroya) bərabər olacaq və hər sonrakı mövsüm bu məbləğ 10 milyon lirə artacaq. Helzenkirhendə doğulan Kutucu “Şalke-04”ün yetirməsidi. 2023-cü ildə “Eyüpspor”a gələnə qədər bu forvard adından o qədər də söz etdirə bilməmişdi. “Şalke-04”dən başqa “Herakl”, “İstanbul BŞ”, və “Sandhauzen”də forma geymiş Kutucunun ulduzu məhz “Eyüpspor”da parlamağa başladı. O ötən mövsüm 1-ci liqada 14 qol, 4 məhsuldar ötürmə ilə “Eyüpspor”un tarixində ilk dəfə elitaya yüksəlməsində mühüm rol oynadı. Bu mövsüm isə 20 rəsmi oyunda hesabına 9 qol, 7 məhsuldar ötürmə yazıb. Onu da bildirək ki, Ahmed Kutucu Burak Yılmazın (7 milyon avro) ardından “Qalatasaray” tarixinin ən bahalı ikinci yerli futbolçusuna çevrilib.
“Qalatasaray” hücumu gücləndiribsə, “Fənərbaxça” müdafiə xəttinə əl gəzdirib. Bunu gözləmək olardı. Çünki “Fənər” iki əsas müdafiəçi – Ceyden Oostervolde ilə Rodriqo Bekaonu mövsümün sonuna qədər itirmişdi. Üstəlik Samet Akaydın da Rizəyə yollanmaq üzrədi. Ona görə də “Fənər” birdən-birə iki mərkəz müdafiəçisi transfer edib. Bunlardan biri Dieqo Karlosdu. 10 milyon avroya “Aston Villa”dan heyətə cəlb olunan 31 yaşlı futbolçu ilə 3,5 illik müqavilə imzalanıb. Bu məbləğ qarşı tərəfə 4 il ərzində hissə-hissə ödəniləcək. Daha öncə “Portu”, “Eştoril”, “Nant”, “Sevilya”da çıxış etmiş “sambaçı” 2022-ci ildən “Aston Villa”nın uğurları üçün tər tökürdü. Bu mövsüm 17 rəsmi oyuna çıxan Karlos “Fənərbaxça” tarixinin 29-cu braziliyalı futbolçusuna çevrilib. “Fənər”in digər transferi Milan Şkrinyar isə hər kəsi təəccübləndirdi. Çünki tanınmış slovakiyalı müdafiəçi uzun müddət idi “Qalatasaray”la danışıqlar aparırdı və məhz bu kluba keçəcəyi gözlənilirdi. Amma Mourinyonun son anda araya girməsi və onunla telefonda görüntülü danışması həlledici oldu. “İnter”də ulduzu parlayan və 2023-dən PSJ-də çıxış edən 29 yaşlı futbolçu Luis Enrike ilə anlaşa bilmədiyi üçün bu mövsüm yalnız 5 rəsmi oyuna çıxa bilib.
Yeri gəlmişkən, bu futbolçu ilə bağlı bir mühüm fakt var. Viktor Osimhenin oyunlara qoruyucu maska ilə çıxmasının əsas səbəbkarı məhz Şkrinyardı. Onlar 2021-ci ilin noyabrında “İnter” – “Napoli” matçında baş başa toqquşmuşdular. Şkrinyar oyunu davam etdirmişdisə, nigeriyalı forvard stadiondan birbaşa xəstəxanaya aparılmış və təxminən 3,5 saatlıq əməliyyat keçirmişdi. Maraqlıdı ki, fevralın 22-də bu futbolçuların yolu bu dəfə İstanbul derbisində kəsişəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta