Azərbaycan Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası öz səlahiyyətləri çərçivəsində dövlətimizin xarici təhlükələrdən qorunması, bütövlüyü və təhlükəsizliyi ilə bağlı, o cümlədən Azərbaycan xalqının birliyinə və milli-mənəvi dəyərlərinə təhdid yarada biləcək məkrli fəaliyyətlərə dair təhlillər aparır, onların ifşası və qarşısının alınması istiqamətində tövsiyələrini hazırlayır.
Bu barədə Publika.az-a Milli Məclisdən bildirilib.
Komissiyanın apardığı monitorinqlər zamanı əsasən qonşu dövlətin ərazisindən sosial media platformaları üzərindən aparılan dezinformasiya və informasiya əməliyyatlarının məqsədi və xüsusiyyətləri tədqiq edilib, anti-Azərbaycan kampaniyada sistemli və mütəşəkkil qaydada iştirak edən şəbəkə müəyyən olunub.
Kampaniyaya 300-dən çox hesab cəlb edilib ki, onların da 124-ü “Facebook”da, 67-si “Instagram”da, 67-si “Telegram”da, 32-si “YouTube”da, 10-u “X”də və digər sosial media platformalarında fəaliyyət göstərirlər.
Araşdırmalar zamanı vətəndaşlarımız arasında nifaq salmağa, qütbləşmə yaratmağa, dövlətin konstitusion quruluşunun dəyişdirilməsinə və dövlət institutlarına qarşı inamsızlıq formalaşdırmağa yönəlmiş zərərli və radikal dini-ideoloji təbliğatın əlaqələndirilmiş şəkildə aparıldığı aşkarlanıb.