İnsanlar bəzən auditoriya qarşısında danışmağı bacarmırlar. Bəzi insanlar həyəcanlandığı üçün, bəzi insanlar isə özünəinam əskikliyindən danışa bilmirlər.
Auditoriya qarşısında çıxış etmək istəyib bacarmayan insanlar nə etməlidirlər və bunun səbəbləri nələrdir?
Mövzu ilə bağlı BEY.AZ-a açıqlama verən psixoloq Aydan Məmmədova bildirdi ki, auditoriya qarşısında danışmaq bir çox insan üçün çətin bir iş kimi görünür. Onun sözlərinə görə, kimi həyəcanlandığı, kimi isə özünəinam çatışmazlığı yaşadığı üçün rahat danışa bilmir:
“Bunun səbəbləri və onu həll etməyin yolları barədə bunları deyə bilərəm ki, problemin səbəbləri müxtəlif ola bilər. Məsələn, həyəcan, özgüvən çatışmazlığı, hazırlıqsız, keçmişdəki pis təcrübələr və s. Auditoriya qarşısında özünü kifayət qədər hazır hiss etməyən insanlar rahat danışa bilmir. Mövzuya kifayət qədər hazır olmamaq qorxu hissini artırır. Əvvəllər tənqid olunmaq və ya bəyənilməmək qorxunun dərinləşməsinə səbəb ola bilir. Bəzən səhv etmək qorxusundan özünə nəzarətetməni itirir”.
Psixoloq bildirdi ki, belə vəziyyətdən çıxıaş yolları isə həyəcanı qəbul etmək, nəfəs texnikalarından istifadə etmək, psixoloji dəstək və sair ola bilər:
“Həyəcanlanmağın normal olduğunu unutmayın. Bu hissi qəbul edib onu enerji kimi istifadə edin. Mövzuya çox yaxşı hazırlıq edin. Praktika edərək özünüzə olan əminliyi artıra bilərsiz. Düzgün nəfəs alıb-vermə həyəcanı azaltmağın ən yaxşı yollarından biridir. Əvvəlcə kiçik qruplarla çıxış edin. Tədricən daha böyük auditoriyalara öyrəşəcəksiz. Əgər problem dərinləşibsə, psixoloq dəstəyi almaq çox faydalı ola bilər. Auditoriyanı bir dostunuzla danışır kimi təsəvvür edin. Bu, sizi rahatladacaq.
Praktik bir həll yolu olaraq güzgü qarşısında danışmaq metodunu tövsiyə edə bilərəm. Bu üsul bu şəkildə tətbiq edilir. Məsələn, danışacağınız mövzunu seçin və sadə cümlələrlə strukturlaşdırın. əsas ardıcıllığı planlaşdırın. Hər xırda nüansları qeyd edin. Özünüzü izləyərək danışın. Hərəkətlərinizi, mimikalarınızı və səs tonunuzu müşahidə edin. Nitqinizi qeyd edib sonradan öz çıxışınızı izləyin. Bu, sizi dinləyicinin gözü ilə görməyə kömək edəcək. İlk növbədə bir-iki nəfərlik dost çevrəsinə danışaraq praktikanı genişləndirə bilərsiniz. Bu üsul, həm özünüzü daha rahat hiss etmənizə, həm də auditoriya qarşısında çıxışınızı tədricən yaxşılaşdırmağa kömək edəcək”.
Aydan Məmmədova qeyd etdi ki, auditoriya qarşısında danışma bacarığı öyrənilə bilən bir bacarıqdır:
“Kiçik addımlarla irəliləyərək, həm özgüvəninizi artıracaq, həm də mesajlarınızı daha effektiv şəkildə çatdıracaqsınız. Unutmayın, o an auditoriyanı və ya səhnəni siz idarə edirsiz”.
BƏNÖVŞƏ