Azərbaycanda kağız əsaslı proseslərin rəqəmsal formatlara keçirilməsi ilə bağlı 17 qanunda dəyişikliklər edilməsini nəzərdə tutan qanun təsdiqlənib və bu gündən qüvvəyə minib.
Publika.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinə (İRİA) istinadən bildirir ki, qanunun qüvvəyə minməsi ilə 23 növ sənədin Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə təqdim edilməsi həmin sənədlərin fiziki formada təqdim edilməsinə bərabər tutulacaq.
Bu dəyişikliklər miqrasiya, əmək, məşğulluq, sığorta, təhsil, yol hərəkəti, əmlak və sahibkarlıq sahələrində sıx istifadə olunan əsas sənədlərə və lisenziyalara dair rəqəmsal məlumatların hüquqi qüvvəyə malik olmasını təmin edir. Bu sənədlər, əsasən, vətəndaşların həyat hadisələrinə uyğun şəkildə təşkil edilən rəqəmsal formatda təqdim ediləcək.
Yeniliklər çərçivəsində vətəndaşlar aidiyyəti məlumatları “myGov” tətbiqi vasitəsilə qarşı tərəfə təqdim edə biləcək və rəqəmsal hökumətə keçid sürətlənəcək. Eyni zamanda, sistem üzərindən təqdim olunan məlumatların doğruluğunu yoxlamaq üçün xüsusi mexanizmlər mövcuddur. Belə ki, qarşı tərəf vətəndaşın təqdim etdiyi rəqəmsal sənədlərin doğruluğunu “myGov Checker” platforması vasitəsilə təsdiqləyə bilər.