Bu koridor Türkiyə və Azərbaycanın gələcəkdə İrandan keçən marşrutlardan tamamilə imtina etməsinə gətirəcək, Tehranın onu sonadək əngəlləməsi üçün kifayət qədər imkanı yoxdur, boynundakı iqtisadi ilgək daha da sıxılacaq
“Suriyada rejim dəyişikliyi Türkiyəyə əsas regional rəqibi İranla qarşıdurmada həlledici üstünlük əldə etməyə imkan verəcək mühüm bir mərhələdir. Bu da öz növbəsində Zəngəzur dəhlizinin açılmasına və Tehranın Cənubi Qafqazın ticarət və nəqliyyat sektorundan sıxışdırılmasına səbəb ola bilər”.
“News24.az” bildirir ki, bu barədə Londonda çıxan müxalif mövqeli İran internet nəşri “Kayhan London” bildirib. Nəşrə görə, Suriyada Ankaranın dəstəklədiyi qüvvələrin hakimiyyətə gəlməsi yaxın gələcəkdə bir neçə sahəyə öz təsirini göstərəcək. Xüsusilə İran yük maşınları Türkiyə ərazisindən tranzit üçün daha yüksək vergi və rüsumlar ödəməli olacaq. “Kayhan London” yazır ki, hər iki ölkə uzun müddətdir regionda güclü strateji mövqelər tutur. O sırada İran “enerji dəhlizi”, Türkiyə isə Asiya ilə Mərkəzi Asiyanı birləşdirən həyati bir körpüdür.
Məqalədə habelə qeyd olunur ki, Türkiyə ilə İran arasında gərginlik yaradan məqamlardan biri Zəngəzur dəhlizidir ki, bu da Tehranın fikrincə, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Ermənistan ərazisindən keçən qolunu təhdid edir, həmçinin Türkiyə ilə Azərbaycan arasında əlaqələri gücləndirir. Bu da İranın regional rolunu zəiflədir. Çünki bu dəhlizin açılması Türkiyə və Azərbaycanın gələcəkdə İrandan keçən marşrutlardan tamamilə imtina etməsinə gətirəcək. Sirr deyil ki, Zəngəzur dəhlizi bu gün sıx və məhsuldar Azərbaycan-Türkiyə əməkdaşlığının simvolu kimi qəbul edilir. Eyni zamanda məqalədə vurğulandığı kimi, bu, həm də İran üçün bir təhdiddır: “Birincisi, Zəngəzur dəhlizi İranın şimal-qərb sərhədini təhdid edə bilər. Axı onun İran ərazisinə yaxınlığı Türkiyə və NATO-nun bölgədəki təsirini gücləndirir, həmçinin Şimali Atlantika Alyansının qoşunlarının birbaşa İran sərhədində peyda olmasına səbəb ola bilər. İkincisi, dəhliz İranın Ermənistanla kommunikasiyalarını çətinləşdirir. Ermənistan isə Tehran üçün həm Qərb, həm də Şimalla mühüm həlqədir”.
Nəşr ardınca vurğulayır ki, İran Zəngəzur dəhlizinin açılması ilə bağlı risklərdən xəbərdardır və bu, onun Azərbaycan və Türkiyə ilə münasibətlərində hazırkı gərginliyin səbəblərindən biridir: “Bununla belə, dəhlizin açılmasına qarşı sərt bəyanatlarına baxmayaraq, Tehranın onu sonadək əngəlləməsi üçün kifayət qədər imkanı yoxdur. Ən əvvəl də ona görə ki, İran beynəlxalq sanksiyalardan yan keçmək üçün Türkiyədən çox asılıdır. Türkiyə ilə hər hansı ciddi gərginlik İranın boynundakı iqtisadi ilgəyin daha da sıxılması deməkdir”. Yada salaq ki, bu il yanvarın 7-də yerli telekanallara müsahibəsində Prezident İlham Əliyev “Zəngəzur dəhlizi açılmalıdır və açılacaq” demişdi. Azərbaycanlı təhlilçilər dəhlizlə bağlı nəşrin mövqeyini bölüşürmü? Tramp hökuməti bu məsələdə Bakı və Ankaraya nə dərəcədə dəstəkçi olacaq?
Qabil Hüseynli
Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycan Ağbənd istiqamətində işlər həyata keçirir və büdcədən vəsait gedir. Onun fikrincə, əgər Zəngəzur dəhlizi açılmayacaqsa, Azərbaycan əsla bu pulu xərcləməzdi: “Dövlət başçısının müsahibəsində dediyi də əminlikdən irəli gəlir. Prezident dünyada və regionda gedən siyasi prosesləri dərindən analiz edən, kifayət qədər məlumatlı siyasi xadimdir. Cənab İlham Əliyev əmindir ki, bu prosesin zirvəsində Zəngəzur koridoru işə düşəcək. Çünki iqtisadi sifariş belə tələb edir”.
Q.Hüseynlinin sözlərinə görə, Zəngəzur dəhlizi Orta dəhlizin bir hissəsidir: “Söhbət beynəlxalq bir proyeksiyadan gedir. Bu logistika Çindən Avropaya qədər uzanan marşrutdur. Təbii ki, layihənin işə düşməsində maraqlı olan qlobal güc mərkəzləri var. Ermənistan, ya İran kimdir ki, belə nəhəng tranzitin qarşısını ala bilsinlər? Yəni gec-tez Orta dəhlizin bir hissəsi olan Zəngəzur dəhlizi də fəaliyyət göstərəcək. Sadəcə, dəhlizə nəzarət uğrunda rəqabət gedir deyə proses yubanır. Ancaq cənab Prezident də arxayındır ki, kimin nəzarət etməsindən asılı olmayaraq, dəhliz açılacaq. Şübhəsiz ki, burada iqtisadi üstünlük qazanan təkcə Türkiyə və Azərbaycan olmayacaq, Ermənistan da fayda götürəcək”.
Professor hesab edir ki, İran dəhlizin açılmasına qarşı deyil, sadəcə, oradan pay istəyir: “Azərbaycan İranla "Araz dəhlizi" layihəsi üzərindən əhəmiyyətli logistika təşkil edir. Eləcə də Şimal-Cənub yolu var. Yanvarın 28-də Rusiya, İran və Azərbaycan nəqliyyat nazirləri bu məsələni müzakirə edəcəklər. Söhbət 15 milyon ton yükün daşınmasından gedir. Ötən həftə baş nazirin müavini Şahin Mustafayev Tehranda keçirilən tədbirdə iştirak etdi və İran anlamaqdadır ki, tranzit rolunda Bakı nə qədər vacibdir. Hazırda şimal və cənub qonşularımız sanksiya altındadır deyə daha çox logistikaya ehtiyac duyurlar. Bu baxımdan, Rusiya və İran Zəngəzur dəhlizi ilə bağlı bir mövqedən çıxış etməsələr də, burada Tehrana pay verilməsi ilə konsensus mümkündür".
Q.Hüseynli Zəngəzur dəhlizinin indiki şəkildə açılması ilə İranın təbii ki, izqoy vəziyyətinə düşəcəyini istisna etmir: “Burada Türkiyə və Azərbaycanın əhəmiyyəti, iqtisadi dominantlığı artacaq. Tehranı da narahat edən bölgədə Türkiyənin və Azərbaycanın ekonomik hegemonluğunun güclənməsinin olacağı "riski"dir. Ona görə bu dəhlizdən onlar da pay qoparmaq istəyirlər. Bütün hay-küy, həşir qoparılması buradan qaynaqlanır. İrandan əleyhimizə təhdidlər, ittihamların davam etməsinin səbəblərindən biri də Zəngəzur dəhlizi mövzusudur. Bütün hallarda, Türkiyə və Azərbaycan bölgədə yeni bir siyasi konfiqurasiya yaradırlar. Türk Dövlətləri Təşkilatı platforması bu siyasətdə önəmli faktdır. Onun siyasi-iqtisadi əhəmiyyəti getdikcə artır, bu da İranın ürəyincə deyil. İran Ermənistana dəstəyi də dəhlizin açılmaması üçün artırır. Bununla belə, Zəngəzur dəhlizi bir hadisədir və onun açılması qaçılmaz prosesdir. Sadəcə, bu strateji rəqabət regionda gərginliyi artıracaq".
Xatırladaq ki, SEPAH-a bağlı “Tasnim” Agentliyi bununla bağlı daha bir geniş məqalə ilə çıxış edib. Ekspert Mehdi Mahmudi Muntaser tərəfindən qələmə alınan yazı “İran Zəngəzur təhlükəsini necə zərərsizləşdirə bilər?” başlığı ilə yayınlanıb. O qeyd edib ki, Naxçıvanla Azərbaycanı birbaşa birləşdirən dəmir yolu və avtomobil yoluna ehtiyac var. “Bu həm də Azərbaycanın ərazi bütövlüyü üçün vacib amildir”. Muntaser bildirir ki, Azərbaycanın Zəngəzur dəhlizini açmaq istəyi anlaşılandır. “Lakin Bakı bunun üçün Ermənistanın ərazisinin bir hissəsini özünə götürməyə çalışır. Bu ssenari İran üçün bir çox təhdid və təhlükələrə səbəb olacaq”. İranlı ekspert İranın ənənəvi sözlərini qeyd edərək, “Zəngəzur dəhlizi açılarsa, İranın Avropaya əsas çıxışı bağlanacaq” fikrini önə çəkib. Daha sonra isə vurğulayıb ki, bu, digər tərədən, Bakı-Ankara ittifaqı ilə əhatələnəcək". Munatser yazısında Xəzər dənizi deyil, “Mazandaran dənizi” sözündən də istifadə edib. Və bildirib ki, Azərbaycan bu addımı ilə NATO-nu “Mazandaran dənizi”nə (Xəzər dənizindən söhbət gedir) çıxaracaq. O həmçinin “Zəngəzur dəhlizi işə düşərsə, Orta dəhliz açılacaq və bu, İranın “Şərqdən Qərbə” dəhlizinə rəqib olacaq" fikrini də irəli sürüb.\\yenimusavat