Bakı, 28 yanvar, Tamilla Məmmədova, AZƏRTAC
Moldovalı enerji eksperti, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) layihə üzrə eksperti və BMT İnkişaf Proqramının Moldova üzrə Aşağı Emissiya Potensialının Qurulması (Low Emission Capacity Building - LECB) layihəsinin meneceri Sergey Unquryanu AZƏRTAC-ın suallarını cavablandırır.
- Cənab Unquryanu, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunu necə xarakterizə edərdiniz?
- Son vaxtlar “Şimal axını” və Ukrayna ərazisindən qaz nəqlin dayandırılması ilə əlaqədar olaraq, Avropa bazarına alternativ qaz tədarükü üçün aktiv axtarışlar aparılır. Bu vəziyyətdə Azərbaycan vacib oyunçulardan birinə çevrilir və böyük maraq doğurur. Bakı mühüm karbohidrogen ehtiyatlarına, xüsusilə də neft-qaz ehtiyatlarına malikdir və bu, onu Avropa İttifaqı üçün əhəmiyyətli enerji təchizatçısı edir. Avropa Suriya, Qətər və ABŞ kimi ölkələrdən alternativ təchizat imkanlarını da nəzərdən keçirir.
- Azərbaycan ənənəvi olaraq karbohidrogenlərə fokuslanıb. Ölkədə bərpaolunan enerji mənbələrinin inkişafı istiqamətində atılan addımları necə qiymətləndirirsiniz?
- Azərbaycan həqiqətən də uzun müddətdir ki, regionun aparıcı neft və qaz hasilatçılarından biri olmaqla, karbohidrogenlərə fokuslanıb. Bununla belə, son illərdə ölkə iqtisadiyyatını şaxələndirmək və daha dayanıqlı enerji həllərinə doğru irəliləmək strategiyasının mühüm tərkib hissəsi olan bərpaolunan enerji mənbələrinin inkişafı istiqamətində fəal addımlar atır. Azərbaycan artıq bərpaolunan enerji mənbələrinin, xüsusən də günəş və külək enerjisindən yararlanmaq üçün fəaliyyətə başlayıb. 2021-ci ildə günəş və külək elektrik stansiyalarının tikintisi üçün beynəlxalq şirkətlərlə bir sıra sazişlər imzalanıb ki, bu da ölkənin enerji balansında bərpaolunan mənbələrin payını əhəmiyyətli dərəcədə artırmalıdır. Qeyd etmək vacibdir ki, Azərbaycanın coğrafi xüsusiyyətləri (məsələn, çoxlu sayda günəşli günlərin olması və külək enerjisi üçün yaxşı şəraitə malik Xəzər dənizi sahili) bərpaolunan enerji mənbələrinin inkişafı üçün yaxşı şərait yaradır.
- Azərbaycanda yaşıl enerji sahəsində regionun digər ölkələri üçün nümunə ola biləcək əhəmiyyətli layihələr varmı?
- Azərbaycanda genişmiqyaslı layihələr nisbətən yaxınlarda həyata keçirilməyə başladı. Son bir neçə ildə Azərbaycanda günəş və külək elektrik stansiyalarının tikintisi üçün “ACWA Power” (Səudiyyə Ərəbistanı) və “Masdar” (BƏƏ) kimi aparıcı beynəlxalq sənaye oyunçuları ilə müqavilələr imzalanıb. Başqa ölkələrə nümunə ola biləcək bir sıra layihələr var. Belə layihələrdən biri də Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyası olan Qaradağ Günəş Elektrik Stansiyasıdır. Stansiyanın ümumi dəyəri 262 milyon dollar olan xarici sərmayə ilə tikilib. Bu, Azərbaycanda xarici sərmayə ilə tikilmiş ilk sənaye miqyaslı günəş elektrik stansiyasıdır. Digər misal olaraq, Azərbaycanın enerji sistemi üçün xüsusi əhəmiyyət kəsb edəcək 240 meqavat gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyası layihəsini göstərmək olar. Həmçini 2024-cü ildə ölkədə çoxsaylı görüşlər keçirilib, müxtəlif sazişlər və memorandumlar imzalanıb ki, bu da xarici investorların Azərbaycanın bərpaolunan enerji mənbələrinə yüksək marağını əks etdirir. Bundan əlavə, Azərbaycan Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) ilə birlikdə regionda bərpaolunan enerji mənbələrinin tətbiqini sürətləndirmək və yaşıl sənayeləşməni dəstəkləmək məqsədi daşıyan Mərkəzi Asiyada Bərpa Olunan Enerji Mənbələri üzrə Sürətli Tərəfdaşlıq (APRECA) proqramını təsis edib.
- Bərpaolunan enerji mənbələrinin inkişafı Azərbaycan iqtisadiyyatına və beynəlxalq aləmdəki mövqeyinə necə təsir edə bilər?
- Bərpaolunan enerji mənbələrinin inkişafı ümumilikdə iqtisadi inkişafa müsbət təsir göstərir. Bərpaolunan enerji mənbələrinin ölkənin enerji balansına daxil edilməsi iqtisadiyyatın şaxələndirilməsinə, karbohidrogen ehtiyatlarından asılılığın azaldılmasına və yeni gəlir mənbələrinin yaradılmasına kömək edə bilər. Günəş, külək və hidroenergetikanın inkişafı yeni sənaye sahələrinə investisiyaların stimullaşdırılmasına, iş yerlərinin və yeni biznes imkanlarının yaradılmasına kömək edəcək. Enerji balansında bərpaolunan enerji mənbələrinin payını artırmaqla ölkə idxal olunan karbohidrogenlərdən asılılığını azalda biləcək ki, bu da xarici xərclərin azalmasına və enerji təhlükəsizliyinin artmasına səbəb olacaq.
Bundan əlavə, bərpa olunan enerji mənbələrindən istifadə karbon qazı emissiyalarını azaltmağa kömək edir. Bu, Azərbaycana ətraf mühitə dəyən zərərin kompensasiyası xərclərini və beynəlxalq iqlim sazişləri üzrə maliyyə öhdəliklərini azaltmağa imkan verə bilər.
- Azərbaycanda innovativ texnologiyalar və yaşıl iqtisadiyyatla bağlı yeni sənaye və klasterlərin yaradılması perspektivlərini necə qiymətləndirirsiniz?
- Yeni sənaye sahələrinin və klasterlərin yaradılması üçün yaxşı perspektivlər var. Azərbaycan texnologiyanın inkişafı üçün regional mərkəzə çevrilə bilər; bunun üçün hər cür şərait və mütəxəssislər var. Ölkə həm də Çin və Avropa arasında qabaqcıl texnologiyaların tətbiq oluna biləcəyi körpü ola bilər. Gələcəkdə bərpaolunan enerji mənbələrinin inkişafı enerjinin saxlanması və hidrogen istehsalı texnologiyaları ilə ayaqlaşacaq. Azərbaycan iqtisadiyyatın modernləşdirilməsinə, daha dayanıqlı və innovativ texnologiyalara doğru irəliləməyə yönəlmiş strategiyaları fəal şəkildə hazırlayır və həyata keçirir.
Yaşıl enerji və rəqəmsallaşma strategiyaları kimi innovativ texnologiyaların və yaşıl iqtisadiyyatın inkişafı üzrə milli proqramların qəbulu yeni klasterlərin yaradılmasını stimullaşdıra və beynəlxalq investisiyaları cəlb edə bilər. Son illərdə ölkədə informasiya texnologiyaları, süni intellekt və “fintech” sahələrində startapların artımı müşahidə olunur. Beynəlxalq, yerli investorların dəstəyi, həmçinin təhsil və innovasiya infrastrukturuna çıxış ilə Azərbaycan yüksək texnologiyalı startaplar üçün mühüm mərkəzə çevrilə bilər.