AZ

Danilo Veyqa və Tyaqo Qabriel “Leççe”də

Portuqaliyanın “Eştrela” klubunun iki müdafiəçisi – Danilo Veyqa və Tyaqo Qabriel bundan sonra “Leççe”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir.

Hər iki futbolçunun transferi A Seriyası təmsilçisinə 1 milyon avroya (cəmi 2 milyon avro) başa gəlib. Həm 22 yaşlı Danilo, həm də 20 yaşlı Tyaqo yeni klubu ilə 2,5+2 illik müqaviləyə imza atıblar.

Sağ cinah müdafiəçisi olan Danilo Veyqa peşəkar karyerasına “Felqeyras”da başlayıb. “Jil Visente”, “Riyeka” kimi klublarda da oynamış futbolçu 2024-cü ilin iyul ayından “Eştrela”nın uğurları üçün çalışırdı. O, cari mövsümdə bu klubun heyətində 16 oyuna çıxıb, 2 assistlə yadda qalıb.

Portuqaliyalı müdafiəçi ölkəsinin U-21 yığmasında oynasa da, əsas milliyə dəvət almayıb.

Mərkəz müdafiəçisi olan Tyaqo Qabriel isə Lissabon “Sportinq”inin yetirməsidir. “Setubal”da da çıxış etmiş futbolçu 2023-cü ilin yayından “Eştrela”nın sıralarında idi. O, bu klubun əsas komandasında 11 oyuna çıxıb, 1 qol vurub.

“Leççe” hücumameyilli yarımmüdafiəçisi Remi Udinlə də vidalaşıb. 28 yaşlı futbolçu bu mövsümün sonunadək “Sampdoriya”ya icarəyə verilib.

Remi Udin Fransanın “Reyms” klubunun yetirməsidir. Ölkəsində “Bordo”nun da formasını geyinmiş yarımmüdafiəçi 2022-ci ildən “Leççe”nin uğurları üçün çalışır. O, cari mövsümdə bu komandanın heyətində meydana çıxdığı 14 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Reminin “Leççe” karyerası bütövlükdə 76 oyun, 6 qol və 2 məhsuldar ötürmədən ibarətdir.

Seçilən
7
arena.az

1Mənbələr