AZ

NARKOMANİYA CƏMİYYƏTİN BİOPSİXOSOSİAL XƏSTƏLİYİDİR

Narkomaniya qlobal sosial problemdir, milyonlarla insanın həyatına son qoyan, xalqların genefondunu məhv edən müharibədir. Lakin bütün ciddiliyinə baxmayaraq, sözügedən problem çox incə xarakterlidir və bu səbəbdən ehtiyatlı, balanslı yanaşma tələb edir. Bu sahədə fəaliyyət göstərən mütəxəssislər narkotik asılılığı “biopsixososial-mənəvi xəstəlik” adlandırırlar.

Narkomaniya sözün adi mənasında xəstəlik deyilsə də, şəxsiyyətin tam bir məğlubiyyətidir. Narkotik aludəçisi psixi cəhətdən qeyri-sabit olur, dostlarını, ailəsini itirir, sonda ətrafındakıları bədbəxtlik uçurumuna gətirməklə özünü məhv edir. Diqqətli müşahidə narkotik maddə qəbul etmiş gəncin davranışında qeyri-adekvatlığı ortaya çıxara bilər. Narkomaniyanın qarşısını sadəcə polis və məhkəmələrlə, cəza tədbirləri ilə, sərhədləri bağlamaqla almaq mümkün deyildir. Dünya təcrübəsi göstərir ki, mübarizənin ən yaxşı yolu profilaktikadır, insanların necə narkomana çevrildiyini anlamaqla, narkomaniyanın səbəblərini aradan qaldırmaq və ya onları minimuma endirmək olar.

Bu gün narkomanların psixologiyası geniş şəkildə öyrənilir. Bu yanaşma mütəxəssislərə problemin inkişafına dərhal reaksiya verməyə imkan yaradır. Narkomaniyanın psixoloji səbəblərini, insanları ilk dəfə narkotik maddəni sınamağa sövq edən şərtləri dərindən araşdırmaq lazımdır.

Uşaqlarda və yeniyetmələrdə narkotikdən istifadənin səbəbləri çox vaxt sosial mühitlə bağlı olur. Disfunksional mühitdə böyüyən, ailəsindən və ətrafındakılardan davamlı olaraq özünə qarşı mənfi münasibət görən uşaq başqa cür yaşamağın mümkün olduğunu bilmir. Narkotikdən istifadə edən valideynlər övladlarını öz talelərini təkrarlamaqdan qoruya və onlara gələcəyi fərqli müstəvidə qurmaq imkanı yarada bilmirlər.

Amma asılılıq təkcə imkansız ailələrin uşaqlarında inkişaf etmir. Narkotik maddələrin tələsinə düşənlərin bəziləri “yüksək cəmiyyət”dən olan uşaqlar və yeniyetmələrdir. Daha azad iradəli həmyaşıdlarından heç də pis olmadıqlarını sübut etmək istəyi problemlərə yol aça bilər. Kütlə ilə uyğunlaşmaq, özünə hörməti artırmaq və nüfuz qazanmaq cəhdləri çox vaxt tamamilə uğurlu bir uşağın həyatında narkotiklərin görünməsinə səbəb olur. Məktəbin, həyətdəki dostların təsiri, tez-tez məşğul olan valideynlərin diqqətsiz olması sosial cəmiyyətin yuxarı təbəqələrindən olan uşaqların zərərli aludəçiliklərə yiyələnməsinin və narkotiklərdən sui-istifadə etməyə başlamasının ümumi səbəbləridir.

Maraq narkomaniyanın inkişafı üçün heç də az yayılmış səbəb deyildir. İnsanlar necə narkotik aludəçisi olurlar? Uşaqlar spirtli içki sınamağa, siqaret çəkməyə başlayırlar və tez-tez zəhərli maddələrə aludə olurlar. Eksperimentlərin necə başa çatacağına dair biliklərin və anlayışın olmaması diqqətsizliyə səbəb olur. Həddindən artıq özünə inam və gənclik maksimalizmi qışqırır: "Mən özüm öhdəsindən gələ bilərəm, güclüyəm, zəif deyiləm, asılı olmayacağam, hər an buraxa bilərəm". Ancaq narkotik maddələrin təsiri məkrlidir.

Asılılıq təkcə psixoloji deyil, həm də fiziki səviyyədə baş verir. Xəstə problemin öhdəsindən təkbaşına gələ bilmir, bütün cəhdlər uğursuzluqla nəticələnir və yeniyetmə getdikcə “dərinə” batır. Ailənin vəzifəsi problemi vaxtında aşkar etmək, simptomları görmək və həkimə müraciət etməkdir.

Asılılıq mərhələlərlə inkişaf edir. Çox nadir hallarda dərmanın ilk dozası geridönməz nəticələrə səbəb olur. Ancaq artıq bu mərhələdə insanın davranışı dəyişir və bu dəyişiklikləri hətta çılpaq gözlə görmək mümkündür. Uşaqlara həssas yanaşmaq, xırda şeylərə fikir vermək lazımdır.

Narkomanlığa qarşı mübarizə və önləyici tədbirləri görmək üçün onlar haqqında münimum da olsa, bilgilərə malik olmaq faydalıdır.

Cəmiyyətdə yayılmış və gənclərin də qurşandığı narkotik vasitələri və psixotrop maddələri iki kateqoriyaya bölmək olar: cəmiyyətdə leqallaşdırılanlar (yəni, vətəndaşlar tərəfindən həkimin göstərişi ilə müxtəlif xəstəliklər zamanı istifadə edilən tibbi preparatlar) və qanunsuz istehsal olunan və yayılanlar.

Birinci qrup dərmanlardan sui-istifadə edildikdə, onlar insanın zehni və fiziki qabiliyyətlərinə mənfi təsir göstərə bilər. Ağrıkəsicilərə, sedativlərə və yuxu həblərinə qarşı asılılıq olduqca yayğın bir fenomendir. Həkimin göstərişi ilə qəbul edilən narkotik vasitə fayda gətirir və əziyyəti yüngülləşdirir. Eyni dərmanı böyük dozalarda və həkim tövsiyəsi olmadan qəbul etmək təhlükəlidir və ölümlə nəticələnə bilər. Təbiidir ki, bu narkotik, psixotrop və güclü təsir göstərən dərman vasitələrinin istifadə tezliyi və müddəti artdıqca risk dərəcəsi də artır. Bu parametrlər nə qədər yüksək olarsa, asılılığın inkişaf riski bir o qədər ciddiləşir.

İkinci qrupa qeyri-qanuni yolla bitki materiallarından (koka, çətənə, xaşxaş və s.) və ya qeyri-tibbi istifadə üçün kimyəvi maddələrdən istehsal olunanlar daxildir. Bunlar narkotik vasitələr və psixotrop maddələrdir. "Alaq otunun" təhlükəli olmadığını söyləyənlərə etibar etməməlisiniz. Bəli, həşiş və marixuana aludəliyi daha ləng inkişaf edir, lakin marixuana çəkənin sosial çevrəsi yalnız narkomanlardan ibarətdir, o, narkoman kimi davranır, düşünür, narkoman kimi görünür, zamanla daha ağır narkotikə keçid edir.

İstənilən narkotik, dərmanlar da daxil olmaqla, mahiyyətcə ZƏHƏRDİR! Onlar yalnız bədənə təsirin dərəcəsi və təbiəti ilə fərqlənir.

Narkotikin məkrli xüsusiyyəti ondan ibarətdir ki, bu maddəni dəfələrlə qəbul edən şəxsin orqanizmi müəyyən müddətdən sonra qəbul edilən dozaya reaksiya verməyi dayandırır və onun daim artırılmasını tələb edir.

Narkotiklərə qalib gəlmək mümkün deyil, lakin ən azından ümumi səylərlə qeyri-qanuni dövriyyə ətrafında vəziyyəti yumşaltmaq mümkündür. Bu vəzifə dövlətlərin və cəmiyyətin üzərinə düşür.

Son vaxtlar narkotiklərin ticarətində və təbliğində getdikcə daha çox sosial şəbəkələrdən istifadə olunur. Ona görə də vəziyyətə nəzarət durmadan çətinləşir. Belə olan halda ictimai nəzarətin, ictimai qınağın, alim və ziyalı sözünün rolu da artır. Elm adamları, ziyalılar narkomaniya və onun törətdiyi fəsadlarla bağlı mütəmadi olaraq ictimaiyyətə sosial şəbəkələr, yazılı mətbuat, radio, televizya vasitəsilə məlumatlar verməli, kitabçalar nəşr etdirməli, təhsil ocaqlarında və digər müəssisələrdə maarifləndirici xarakterli məruzələr oxumalıdırlar. Orta məktəb dərsliklərinə narkotik bitkilər və digər vasitələrin zərərləri ilə bağlı mövzuların salınması, gəncliyə istiqamətlənmiş təbliğat və təşviqat xarakterli kütləvi tədbirlərin keçrilməsi gənclərimizin bu bəladan uzaqlaşmasında faydalı ola bilər.

Müxtəlif elm sahələri, xüsusən də biologiya və tibb, sosiologiya və psixologiya elmləri problemlə daha sıx məşğul olmalı, müvafiq elmi tədqiqatlar gücləndirilməlidir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanmasında istifadə olunan bitkilər, onların vegetasiya dövrü, becərilməsi, prekursorlarının idxalı, istehsalı, istifadəsi daim diqqətdə saxlanılmalı, real nəticələr əldə olunması üçün qeyd edilən bütün proseslərdə elmin iştirakı təmin edilməlidir. Tərkibində mərkəzi sinir sisteminin fəaliyyətinə mənfi təsir göstərən maddələr olan bitkilər, onların müxtəlifliyi, təsir mexanizmləri və törətdiyi fəsadlar müasir elmin nailiyyətlərinin tətbiqi ilə geniş şəkildə tədqiq edilməlidir.

Artıq uzun illərdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin institutlarında narkotik tərkibli bitkilər, onların canlı orqanizmlərə təsiri ilə bağlı müəyyən tədqiqatlar aparılır, narkotik maddələrin istifadəsinin zərərləri barədə zəruri tədris-təbliğat vəsaitlərinin hazırlanması və yayılması sahəsində işlər görülür, respublikanın bir sıra rayonlarına ekspedisiyalar təşkil edilir. Alim və mütəxəssislər narkotik tərkibli bitkilərin qanunsuz əkinlərinin və yabanı sahələrinin aşkar olunması və həmin bitkilərin məhv edilməsi, habelə bu məqsədlə hər il xüsusi əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üzrə dövlət orqanlarının təşkil etdikləri müşavirə, seminar və digər iclaslara cəlb edilirlər. Alimlərin sosial mediada, kütləvi informasiya vasitələrində yazıları, çıxışları və müsahibələri hər zaman xalq tərəfindən böyük maraqla qarşılanır.

Yabanı halda bitən narkotik bitkilərin təyinatı məsələləri nazirliyin Botanika İnstitutu əməkdaşlarının daim diqqət mərkəzindədir. Narkotik bitkilərə daha çox Zaqatala-Qax və Balakən ərazilərində təsadüf edilir, Quba rayonu Laza kəndi ətrafında, həmçinin Naxçıvan MR ərazilərində də bu bitkilərə rast gəlinir. Ekspedisiyalar zamanı yerli əhaliyə insan həyatını məhv edən zəhərli bitkilər kimi narkotik bitkilərdən istifadənin fəsadları haqda məlumat verilir və ərazidə olan narkotik bitkilər yığılıb yandırılır.

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun təcrübə sahələrində və laboratoriyalarında ali təhsil müəssisələrinin tələbə və magistrantları, orta məktəblərin yuxarı sinif şagirdləri üçün narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair seminarların, praktiki məşğələlərin keçirilməsi daimi xarakter daşıyır. Alimlər mütəmadi olaraq ümumtəhsil məktəblərində təşkil olunan maarifləndirmə xarakterli tədbirlərə dəvət olunurlar. Məktəblilər və yeniyetmələr arasında cinayətkarlığın, mənfi meylli amillərin qarşısını almaq məqsədilə həmin seminarlarda narkomaniyanın bəşəriyyət üçün böyük faciə olduğunu əks etdirən mövzular ətrafında fikir mübadiləsi aparılır, gənclərin fikir və mülahizələri dinlənilir. İnstitut bu sahədə Xəzər, Suraxanı və Sabunçu Rayon Polis İdarələrinin şöbələri ilə əməkdaşlıq edir.

Nazirliyin Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda narkotik asılılığın öyrənilməsi üzrə tədqiqat işlərinin aparılması davam etdirilir. Burada daha çox narkotiklərin beyində buraxdığı izlər tədqiq olunur. İnsan beyni bədənin ən mürəkkəb orqanıdır. Narkotiklər beynin fəaliyyətini davam etdirmək üçün lazım olan mühüm sahələrini dəyişdirə bilər və asılılığın əlaməti olan kompulsiv narkotik istifadəsinə səbəb ola bilər. Bu mənada qeyd edilən tədqiqatlar çox aktualdır.

Narkotiklərlə bağlı effektiv siyasət müvafiq beynəlxalq konvensiyaların fundamental prinsipinə əsaslanır: tibbi və elmi məqsədlər üçün nəzarət edilən maddələrin mövcudluğu ilə eyni maddələrin qeyri-tibbi istifadə üçün yayılmasının qarşısının alınması arasında balans yaratmaq. Qlobal narkotik probleminin effektiv həlli və ona qarşı mübarizə həqiqətən hərtərəfli, balanslaşdırılmış və inteqrasiya olunmuş yanaşma tələb edir. Narkotiklərlə bağlı elmi əsaslı strategiya və fəaliyyət planlarının işlənib hazırlanması və həyata keçirilməsi bu vəziyyəti düzəltməyə və narkotiklərə qarşı beynəlxalq konvensiyaların ilkin məqsədinə – “bəşəriyyətin sağlamlığı və rifahını” qoruyub saxlamağa kömək edə bilər. Etibarlı, sübuta əsaslanan məlumatlar, bəzi hallarda ağrıkəsicilərin asılılıq yaradacağı ilə bağlı narahatlıqları azalda bilər. Eyni zamanda, məlumatlılıq gənclərə narkotik istifadəsi ilə bağlı risklər və onun nəticələri haqqında qiymətləndirmə aparmağa imkan verə bilər.

İradə Hüseynova,
AMEA-nın vitse-prezidenti,
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik

Seçilən
7
ikisahil.az

1Mənbələr