Azərbaycan musiqi sənətinin dünya səviyyəsinə çıxmasında və müasir Azərbaycan musiqi mədəniyyətinin qurucusu olaraq, milli bəstəkarlıq məktəbinin yaradılmasında dahi Üzeyirbəy Hacıbəylinin yeri mədəniyyət tariximizin ən uca zirvəsində qərar tutmuşdur. O, Azərbaycan milli operasının, eləcə də Şərqdə ilk operanın banisidir. Üzeyirbəy eyni zamanda, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xalqımızın yaddaşına əbədi olaraq köçmüşdür.
İlk olaraq müasr gəncliyin yaddaşını işıqlandırmaq üçün bu böyük şəxsiyyətin – Üzeyir Hacıbəyovun keçdiyi həyat yoluna və yaradıcılığına qısa da olsa nəzər salmaq lazım gəlir.
Üzeyir Hacıbəyov ilk təhsilini o vaxtlar “musiqi konservatoriyası” sayılan Şuşadakı ikisinifli rus-Azərbaycan məktəbində almışdır. Sonralar təhsilini Gürcüstandakı Qori müəllimlər seminariıryasında davam etdirərək, qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olmuş, klassik musiqi əsərlərini mənimsəmişdir. Seminariyanı bitirdikdən sonra bir il Cəbrayıl bölgəsində müəllimlik etmiş, 1905-ci ildə Bakıya köçmüşdür. XX əsrin əvvəllərində neft sənayesinin inkişafı sayəsində Bakıda teatr və konsert həyatı, təhsil, mətbuat yüksəlməyə başlamışdı. Ü.Hacıbəyov Bakıda çoxcəhətli fəaliyyət göstərirdi. O, Bibiheybətdə, «Səadət» məktəbində müəllimlik edir, ana dili, rus dili, hesab, musiqi fənlərindən dərs deyirdi. Hətta, Azərbaycan dilində «Hesab məsələləri» dərsliyini də yazır. «Mətbuatda istifadə olunan siyası, hüquqi, iqtisadi və hərbi sözlərin türki-rusi və rusi-türki lüğəti»ni nəşr etdirir. Rus yazıçısı Qoqolun «Şinel» povestini Azərbaycan dilinə tərcümə edir. Ü.Hacıbəyov həmin illərdə jurnalist kimi də geniş fəaliyyət göstərir. O, «İttihad»,«Həyat», «İrşad», «Tərəqqi», «Həqiqət», «İqbal», «Yeni İqbal» qəzetlərində və «Molla Nəsrəddin» jurnalında «Ordan-burdan», «O yan – bu yan» başlığı altında çoxlu məqalə, felyeton və satirik yazılar dərc etdirir. Öz məqalə və felyetonlarında Ü.Hacıbəyov dövrünün mühüm ictimai-siyasi və maarifçilik məsələlərinə toxunur, xalqını maarifləndirmək uğrunda mübarizə aparırdı. O, mətbuatda «Filankəs», «U», «Üzeyir» və s. imzalarla çıxış edirdi. Ü.Hacıbəyov xalqda musiqili səhnə əsərlərinə maraq oyatmaq məqsədilə azərbaycan dilində milli opera yaratmaq qərarına gəlir…
Nəhayət, 1908 – ci il yanvarın 25-də «Leyli və Məcnun» operası Bakıdakı Tağıyev teatrında ilk dəfə tamaşa qoyulur. Beləliklə, Azərbaycanda və bütün Şərq aləmində opera sənətinin əsası qoyuldu. Ü. Hacıbəyov operanın librettosunu Füzulinin eyniadlı poeması əsasında yazmışdır. Müsəlman şərqində ilk opera olan «Leyli və Məcnun» tamaşası xalq tərəfindən çox sevildiyi üçün bu günə kimi Azərbaycan Opera və Balet Teatrının səhnəsində yaşayır. Üzeyirbəy 1909 – 1915-ci illərdə bir-birinin ardınca «Şeyx Sənan» , «Rüstəm və Söhrab» , «Şah Abbas və Xurşid Banu» , «Əsli və Kərəm» , «Harun və Leyla» operalarını yaradır. Bu operaların librettolarını xalq dastanları və rəvayətlər əsasında yazmışdır; təkcə «Rüstəm və Söhrab» operasınınəsasını Firdovsinin «Şahnamə» əsərinin motivləri təşkil edir. Bu əsərlərin musiqi tərəfində muğamatdan və aşıq musiqisindən geniş istifadə olunmuşdur.
Opera ilə yanaşı, Ü. Hacıbəyov musiqili komediya janrında əsərlər də yaratmışdır. «Ər və arvad» , «O olmasın, bu olsun», «Arşın mal alan» musiqili komediyalarının mətnini də Ü.Hacıbəyov özü yazmışdır. Bununla o, həm də Azərbaycan dramaturgiyasının inkişafında mühüm rol oynamışdır. «Arşın mal alan» musiqili komediyası dünya xalqlarının 40-dan artıq dilinə (rus, ingilis, ərəb, fransız, çin və s.) tərcümə olunmuş və dünya teatrlarının səhnəsində tamaşaya qoyulmuş və dəfələrlə ekranlaşdırılmışdır. 1918 – 1920-ci illlərdə Azərbaycan Demokratik Respublikası dövründə Ü.Hacıbəyov ölkənin ictimai – siyasi həyatında yaxından iştirak etmişdir.
O, «Azərbaycan» qəzetinin redaktoru kimi fəal ədəbi yaradıcılıqla məşğul olur, qəzetə rəhbərlik edərək, onun ideya istiqamətini müəyyənləşdirmiş, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə kömək etmişdir. Onun bütün çap olunmuş məqalələri günümüzlə həmahəng səsləşərək, Ü.Hacıbəyovu uzaqgörən siyasətçi, ideyalı publisist kimi nümayış etdirir. Həmin dövrdə Ü.Hacıbəyovun yaratdığı «Milli marş», «Çırpınırdın Qara dəniz» bu gün bütün türk dünyasının himninə çevrilmişdir. «Azərbaycan marşı» isə 1992-ci ildə Azərbaycan Respublikasının dövlət himni kimi qəbul olunmuşdur. 1921-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını yaradaraq, burada musiqi nəzəriyyəsi, harmoniya, Azərbaycan xalq musiqisinin əsasları fənlərindən dərs demişdir. Həmin illərdə bir çox bəstəkar və musiqişünaslar onun tələbəsi olmuşlar.
Azərbaycan xalq musiqisinin və muğamlarının nota yazılması, qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi məsələsi Ü.Hacıbəyovu daim düşündürürdü. 1927-ci ildə Ü.Hacıbəyov M. Maqomayevlə birlikdə «Azərbaycan türk el nəğmələri» məcmuəsini nəşr etdirmişdir. Bu, xalq mahnılarının ilk not nəşri idi. «Azərbaycan xalq musiqisinin əsasları» fundamental elmi əsəri musiqi elmində yeni səhifə açdı. Bu əsərdə xalq musiqisinin nəzəri cəhətdən öyrənilməsinin vacibliyini önə çəkdi. Ü.Hacıbəyov bir sıra musiqi kollektivlərinin yaradıcısıdır. Konservatoriyada o, ilk çoxsəsli Azərbaycan xor kollektivini yaratmışdır. 1936-cı ildə Azərbaycan Dövlət Filarmoniyası nəzdində Ü.Hacıbəyov yeni bir xor kollektivi təşkil etdi. Həmin xor kollektivi bu gün də öz yaradıcılıq uğurları ilə dinləyiciləri sevindirir. O, 1931-ci ildə Azərbaycan Radio komitəsi yanında ilk notlu “Xalq çalğı alətləri orkestri”ni təşkil etmişdir. Bu orkestr üçün «Çahargah» və «Şur» fantaziyalarını bəstələmişdir . 1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında «Koroğlu» operası ilk dəfə tamaşaya qoyuldu .
Xalq qəhrəmanlıq dastanının motivlərinə əsaslanan «Koroğlu» operası Azərbaycanda ilk klassik opera hesab olunur. Bu əsər Ü.Hacıbəyovun yaradıcılığının zirvəsini təşkil edir. Ü.Hacıbəyov Böyük Vətən müharibəsi illərində «Çağırış», «Yaxşı yol», «Ananın oğluna nəsihəti», «Şəfqət baçısı», «Döyüşçülər marşı» və s. vətənpərvər ruhlu mahnılar, eləcə də xalq çalğı alətləri orkestri üçün «Cəngi» pyesini, «Vətən və cəbhə» kantatasını bəstələmişdir. Onun bu illərdə yaratdığı vokal musiqi əsərləri içərisində Nizami Gəncəvinin anadan olmasının 800 illiyinə həsr etdiyi «Sənsiz» və «Sevgili canan» romans-qəzəlləri xüsusi yet tutur. Ü.Hacıbəyov Azərbaycan Respublikasının Dövlət Himninin musiqi müəllifidir.
Üzeyir Hacıbəyov 1948-ci il noyabrın 23-də Bakıda vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur. Xalqımız bu Uca Şəxsiyyətin xatirəsini daim əziz tutur. Bəstəkar və şairlər onun xatirəsinə əsərlər həsr etmişlər (məsələn, F.Əmirov, «Bəstəkarın xatirəsinə»). Onun həyat və yaradıcılığına həsr olunmuş 2 seriyalı «Üzeyir ömrü» (ssenari müəllifi və rejissoru Anar) bədii filmi, və digər sənədli filmlər çəkilmişdir. UNESCO-nun qərarı ilə dahinin 100, 110, 120 illik yubileyi beynəlxalq miqyasda keçirilmişdir.
Respublikamızda hər il Üzeyir bəyin anadan olduğu gün – 18 sentyabr «Musiqi günü» kimi qeyd edilir. Üzeyirbəy Hacıbəyli müasirlərin düşüncəsinə, eləcə də BütövAzərbaycanin mədəniyyətinə günəş tək üşıq saçacaq!
Bəsti SEVDİYEVA
Əməkdar artist, Xanəndə,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti muğam sənəti kafedrasının dosenti