AZ

"Kapital Bank"ın sistemi saatlarla işləmədi - Nə baş verdi?

Çox təəccüblü və düşündürücüdür

Doğrudanmı bu nəhənglikdə “Kapital Bank” çökən serverlərini, hansısa texniki problemlərini 5 saat müddətində bərpa etmək iqtidarında deyil

Srağagün axşam saatlarında "Birbank" mobil tətbiqinin fəaliyyətində ciddi problem yaranıb. Proqrama daxil olan "Birbank" istifadəçiləri kartlarını bu tətbiqdə silinmiş olaraq görüblər. Sanki heç bir kart tətbiqə əlavə edilməyib. Daha sonra isə istifadəçilər tətbiqə daxil olduqda profilaktik işlərin aparılması ilə bağlı bildiriş alıblar. İstifadəçilər narazılıqlarını sosial media hesablarında paylaşdıqdan, məsələni işıqlandırdıqdan sonra "Birbank"  tətbiqdə problem olduğunu təsdiqləyib. “Kapital Bank"ın məlumatında “Birbank" mobil tətbiqində yaranan çətinliyin tam olaraq aradan qaldırıldığı qeyd edilib: "Bank əməliyyatlarını rahat və fasiləsiz həyata keçirməyin müştərilərimiz üçün nə qədər vacib olduğunu anlayır, yaranan narahatlığın ən qısa zamanda həlli üçün tam gücümüzlə çalışırıq. Həmçinin məlumat üçün bildirmək istəyirik ki, müştərilərimiz kartla POS-terminal, eləcə də "Apple Pay" və "Google Pay" ödənişlərini rahatlıqla edə bilərlər. Müştərilərimizə anlayışları üçün təşəkkür edirik".

Qeyd edək ki, bir neçə gün öncə “Kapital Bank” brendi tam olaraq “Birbank” brendinə keçib. Görünür, keçidlə bağlı hazırlıqlar yetərli olmayıb.


Məsələ ilə bağlı Sherg.az-a danışan Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz deyib ki, ölkənin ən böyük bankına məxsus mobil tətbiqin 5 saat ərzində işləməməsi və yaranan problemi həll etməkdə çətinlik çəkməsi xoşagəlməz haldır:

“Şübhələnmək üçün yetərli  əsaslar var ki, "Birbank"dakı problem məhz ötən ilin sonunda elan olunan rebrendinqlə bağlı olub.
Xatırlayırsınızsa, ötən ilin sonu "Kapital Bank" rəhbərliyi 2025-il, yanvarın 15-dən "Kapital Bank" brendinin "Birbank" brendinə keçəcəyini bildirmişdi. Bir neçə gün olardı ki, bu, reallaşmışdı. Və birdən-birə "Birbank" çökdü. İndiyədək "Birbank"ın, "Kapital Bank"ın belə uzunmüddətli çöküşü olmayıb. Əlbəttə, rebrendinq təkcə ad dəyişikliyi deyil. Düşünmək olar ki, rebrendinqdə "Kapital Bank" sistemlərinin Birbanka inteqrasiyasında, miqrasiya proseslərində məlumat bazalarında problemlər olub. Güman ki, aparılan zəruri olan update-yenilənmələrdən, tətbiq yenilənmələrindən sonra problemlər, məlumat bazalarında qüsurlar, texniki çatışmazlıqlar və s. olub.   Aparılan testlər yetərli də olmayıb və bunları aşkar etmək mümkün olmayıb. Beləliklə, ötən ilin sonu baş tutan rebrendinqlə ötən günkü "Birbank" çöküşü arasında böyük ehtimalla bağlantı var. İkinci ən böyük ehtimal odur ki, "Kapital Bank" sistemlərinə qarşı yönəlmiş DDoS hücumlar və ya digər kiberhücumlar olub. İstənilən halda, ötən ilin yekununda təxminən 200 milyon gəlir götürən, ölkənin ən böyük bankı statusu olan bir bankın 5 saat müddətində sistemini bərpa edə bilməməsi çox düşündürücüdür. Dəymiş ziyan güman ki, yüz minlərlə ölçülə bilər. Belə bir hal heç bir standarta sığmır. Ümid edirəm, Mərkəzi Bank da baş verənlərin fərqindədir.   Problemin həlli üzərində "Kapital Bank"ın saatlarla işləməməsi, bərpanın uzanması göstərir ki, problem çox ciddi olub. Normal bir açıqlama olmadığı halda bu tip vəziyyət isə müştəri inamını sarsıda bilər. Bu cür uzunmüddətli dayanma banka etibarı sarsıda bilər, belə vəziyyət bankın beynəlxalq nüfuzu, reputasiyası üçün ciddi risklər yaradır”.

Ötən ilin yanvarında “Azərikard”ın 7 saat müddətində işləmədiyini xatırladan O.Gündüz qeyd edib ki, elektrik sistemində baş verən nasazlıqdan sonra bu prosessinq mərkəzinin bütöv sistemi restartdan sonra dayanmış və onu 7 saat müddətində bərpa etmək mümkün olmamışdı: 

“Xatırlayıram ki, o zaman problem daha çox buradakı texnologiyalara supportun yetərli, dayanıqlı olmamasıyla bağlıydı. Nəticədə ölkənin maliyyə-bank sistemində, 15 bankda xidmət dayanmışdı. Mərkəzi Bankın auditindən sonra bu qurumda İT mühitlə, təhlükəsizliklə bağlı ciddi nöqsanların olduğu müəyyənləşmişdi. Görəsən, "Kapital Bank”da da hansısa bir "zamıkaniyadan" serverlər çöküb və "kadr və texnoloji support" səbəbindən  restart etmək mümkün olmayıb? Doğrudanmı bu nəhənglikdə “Kapital Bank” çökən serverlərini, hansısa texniki problemlərini 5 saat müddətində bərpa etmək iqtidarında deyil. Çox təəccüblü və düşündürücüdür”.
Seçilən
6
sherg.az

1Mənbələr