Böyük Britaniyanın Sautport şəhərində üç uşağın ölümünə və ölkə boyu kütləvi iğtişaşlara səbəb olan Aksel Rudakubanaya hökm çıxarılmasından sonra britaniyalıların 50 faizdən çoxu ölüm hökmünün bərpasını dəstəkləyir.
“Report” TASS-a istinadən xəbər verir ki, “Times” qəzeti “More in Common” analitik mərkəzinin apardığı araşdırmanın məlumatlarına istinadən yazır.
Daha əvvəl məhkəmə A.Rudakubanı 13 ittiham üzrə minimum 52 il müddətinə ömürlük həbs cəzasına məhkum edib. Bundan əvvəl o, məhkəmədə üç uşağın qətlində, on nəfəri öldürməyə cəhddə, silah və s. saxlamaqda təqsirli olduğunu etiraf edib. Hökmün çıxarılması fonunda “Reform UK” sağçı partiyasından olan deputatlar Rupert Lou və Li Anderson "müstəsna hallarda" ölüm hökmünün bərpası məsələsinin müzakirəsinə başlamağa çağırıblar.
Qəzetin məlumatına görə, 2023-cü ilin payızında bu mövzuda aparılan son sorğudan sonra ölüm hökmünə dəstək əhəmiyyətli dərəcədə artıb: "Bəzi cinayətlərə görə edam hökmünün tətbiq edilməli olduğunu düşünən əhalinin ümumi payı 50 faizdən 55-yə yüksəlib, əleyhinə olanların payı isə 37 faizdən 32-yə düşüb".
Araşdırmanın nəticələri göstərib ki, ölüm hökmünün tərəfdarlarının ən kəskin artımı 44-59 yaşlı britaniyalılar arasında müşahidə olunub. Eyni zamanda, hökmün bərpasını 60-74 yaş arası Britaniya sakinlərinin 58 faizi və 75 yaşdan yuxarı britaniyalıların 50 faizi dəstəkləyir.
Ümumilikdə, Britaniya əhalisinin 70 faizi insanların ölümü ilə nəticələnən terror aktının törədilməsinə görə edam hökmünün, 56 faizi isə təcavüz edənlərə ölüm hökmünün verilməsini dəstəkləyir.