"Diktor almanca dedi ki, 1966-cı il dünya çempionatının final matçı - İngiltərə - Almaniya oyununu (4:2 - red.) Tofiq Bəhramov idarə edib. O anda fraqment dayandırıldı, işıqlar yandırıldı və ayağa qalxıb alqışlamaqla bərabər bizi fitə basdılar”.
Moderator.az bildirir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında veteran futbolçu Ağasəlim Mircavadov bu gün 100 illik yubileyi qeyd olunan Azərbaycanın tanınmış hakimi Tofiq Bəhramov barədə danışarkən deyib.
Azərbaycan millisinin sabiq baş məşqçisi Bəhramovu belə xatırlayıb: “Tofiq Bəhramovla bağlı xatirələrim 1960-cı ildə “Spartak” idman cəmiyyətində oynadığım dönəmlərə çıxır. Adətən, Gənclər Liqasında il ərzində hakimlik edirdi. O zamanlar qanun vardı ki, kim Yüksək Liqada hakimlik edirsə, ilboyu azı 8-10 dəfə dəfə Azərbaycan birinciliyində iştirak edən komandaların oyununu idarə etməlidir. Hakim olmasına baxmayaraq, Tofiq müəllim bizi öyrədirdi. Ayağımızı xəttə qoyanda xəbərdarlıq edirdi ki, kənara qoy. Yaxud, "Mübarizə anında bir-birinizi itələməyin" deyir, futbol terminlərini bizə başa salırdı".
Mircavadov Bəhramovu dahi hakim kimi dəyərləndirib: "1966-1967-ci illərdə “Neftçi”də çıxış etdiyim zamanlar Moskvada oyunlarımız olurdu. O vaxtlar 2-3 matça çıxırdıq, həm də 6 gündən bir. Geri qayıtmırdıq, hansı şəhərdə oynasaq, o şəhərə gəlirdi. Bir dəfə “Dinamo Moskva” ilə oyunumuz vardı. Tofiq müəllim bizdən əvvəl “Spartak” - “Dinamo-Kiyev” oyununu idarə edirdi. İnanın, yüz min adam ancaq onun hakimliyinə fikir verirdi. Çünki ucaboy və saçları ağappaq idi. O vaxtki hakimlər hündürboylu olduğundan, meydanda seçilirdilər. Hər iki komanda ona həddən artıq hörmət edirdi”.
A.Mircavadov Tofiq Bəhramovun “qızıl fit” mükafatına layiq görüldüyü 1966-cı il dünya çempionatının final oyunu barədə də danışıb: “1967-ci ildə çempionatda fasilə olduğundan, yay vaxtı “Neftçi”nin heyətində Almaniyaya getdik və orada 3 oyun keçirdik. Almaniyada olanda bizə dedilər ki, 1966-cı il mundialını kinoteatrda göstərəcəklər, siz də ora dəvətlisiniz. Həmin gün bir neçə dəqiqə gecikdik, ona görə arxada əyləşməli olduq. Diktor almanca dedi ki, 1966-cı il dünya çempionatının final matçı - İngiltərə - Almaniya oyununu Tofiq Bəhramov idarə edib. Sonda finalında Tofiq Bəhramovun qol saydığı epizodu göstərdilər. Top xətdən içəri girib, xəttdən kənara yuvarlanır. Bu da Tofiq Bəhramovun intiusiyasından irəli gəlirdi. Özü də futbol oynayıb, görməsə də, bilirdi ki, o, qoldur. Bununla da o, məhşurlaşdı. O zamanlar UEFA Çempionlar Kubokunun 1/8, 1/4 və 1/2 final oyunlarına onu təyin edirdilər. Onun hakimliyinə söz ola bilməzdi. Həm oyunçularla davranışı, həm də idarəetməsi nadir idi. İdarə etdiyi oyunlarda sanki istirahət edirdilər”.
AFFA Məşqçilər Komitəsinin üzvü “Qarabağ”da çalışdığı dönəmlərdə Bəhramovu bu cür yada salıb: “Mən “Qarabağ”da işləyəndə o, AFFA-da çalışırdı. 1994-1995-ci illərdə Mingəçevirdə keçirdiyimiz oyunlarımıza gəlirdi. Baxırdı, dərdimizə şərik olurdu. Unikal hakim idi. Ovaxtki SSRİ çempionatında yaxşı hakimlərin içərisindən məhz azərbaycanlının dünya çempionatı oyunlarına təyinat alması elə-belə məsələ deyildi. Bu, onun peşəkar idarəetməsindən irəli gəlirdi. Həm də çox səmimi insan idi. Hər mövzuda Tofiq Bəhramovla danışdıqda, çox sakit formada müzakirə aparardı. Sanki dünən rəhmətə gedib. İndiki hakimlərlə o zamankılar arasında çox böyük fərq var. Orda hakimin biliyi, oyunçularla davranışı başqa idi”.
Qeyd edək ki, dünya futbolunda adına heykəl və stadion olan ilk hakim Tofiq Bəhramov 1925-ci il yanvarın 29-da dünyaya gəlib. Dünya şöhrətli hakim “Qızıl fit”, “Qızıl ilahə” və “qırmızı əmək bayrağı” ordeninə layiq görülüb.