AZ

Sertifikasiya gecikir: Təhsil İdarələrinə 7 fənnin müəllimləri ilə bağlı tapşırıq VERİLİB 

  Sertifikasiya imtahanları ilə bağlı məlumatların elan edilməməsi, imtahan tarixlərinin məlum olmaması müəllimlər arasında narazılığa səbəb olub.

Məsələ barədə qərarı Elm və Təhsil Nazirliyinin Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası verir. Ancaq Şuranın iclası hələlik keçirilməyib.

Bir neçə gün əvvəl saytımıza daxil olan məlumata görə, 2025-ci ildə 7 fənnin - tarix, fizika, kimya, biologiya, coğrafiya, texnologiya, informatika müəllimlərinin sertifikasiyası təşkil ediləcək. Ancaq fənlərlə bağlı yekun qərar hələlik verilməyib.
Ətraflı

Mövzu ilə bağlı  danışan təhsil eksperti Elşən Qafarov bildirib ki, hər bir dövlət qurumu cəmiyyəti, yaxud maraqlı şəxslərin narahatlığını görəndə bununla bağlı müəyyən tədbirlər görməlidirlər:

“Hər dekabr-yanvar aylarında sıradakı sertifikasiya keçiriləcək fənnlər elan edilirdi. Amma son vaxtlar Elm və Təhsil Nazirliyində qəribə proseslər baş verir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 3 müavinin heç biri yoxdur. Şöbə müdirləri isə müxtəlif yerlərdən gətirilib. Bu gecikmə də yəqin ki, kadr problemi ilə bağlıdır. Artıq Regional Təhsil İdarələrinə tapşırıq verilib ki, Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə fizika, kimya, biologiya, coğrafiya, tarix, informatika, texnologiya fənn müəllimləri ilə bağlı məlumatlar işlənsin. Bu o deməkdir ki, həmin fənn müəllimlərinin sertifikasiyası gözlənilir. Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli qərarı ilə təsdiq olunmuş sertifikatlaşma qaydalarında göstərilir ki, sertifikasiyanın keçirilmə tarixi 1 ay öncə müəllimlərin şəxsi kabinetinə göndərilməlidir”.

Ekspertin sözlərinə görə, sadalanan fənn müəllimlərinin sayı ölkəmizdə ən az 30 min nəfərdir:

“Bu da ümumi müəllimlərin 1/5 hissəsini təşkil edir. MÜTDA və Elm və Təhsil Nazirliyi imtahanlarla bağlı mütləq məlumat verməlidir. 2022-ci ildən başlayan sertifikatlaşma prosesi ilk olaraq ibtidai sinif müəllimləri daha sonra Azərbaycan dili və ədəbiyyat müəllimləri, ötən il isə riyaziyyat və xarici dil müəllimlərinin sertifikasiyası keçirildi. Bu da müəllimlərin yarısına qədərinə bərabərdir. Bizə də bununla bağlı müraciətlər daxil olur, müəllimlər narahatdırlar. Amma müəllimlər də narahat olmasınlar, bu müəllimlərin peşəkarlığını yoxlayan bir metoddur. Müəllimlərə tövsiyyəm odur ki, narahat olmasınlar. Gedişatda fizika, kimya, biologiya, coğrafiya,tarix, informatika, texnologiya müəllimlərinin sertifikasiyası gözlənilir. Bu yazını oxuyan bütün fizika, kimya, biologiya, coğrafiya,tarix, informatika, texnologiya müəllimlərinin xəbərdar olacağına və digər yoldaşlarını da xəbərdar edəcəyini düşünürəm”- E.Qafarov qeyd edib.
//Modern.az

Seçilən
6
referans.az

1Mənbələr