AZ

Biz Suriyanın yenidən inkişafını dəstəkləməliyik - Fidan

Bakı, TurkicWorld

"Suriyanın yenidən qurulması və inkişafına əl-ələ verməliyik, çünki Suriyanın sabitliyi və inkişafı ilə regional sabitlik və təhlükəsizlik təmin olunacaq" .

TurkicWorld xəbər verir ki, bu açıqlamaları Türkiyənin Xarici işlər naziri Hakan Fidan "JW Marriott Ankara" otelində keçirilən Türkiyə-Azərbaycan-Özbəkistan xarici işlər, ticarət, iqtisadiyyat və nəqliyyat nazirlərinin üçtərəfli görüşünün açılışında edib.

O, qeyd edib ki, bu formatda görüşlər qədim Türküstan, Qafqaz və Anadolunun iqtisadi, nəqliyyat və enerji əlaqələrini inkişaf etdirmək üçün uyğun bir platformadır.

Fidan, beynəlxalq sistemin dünyadakı sülh, sabitlik və ədaləti təmin edə bilmədiyini, qlobal gərginliyin artdığını və çoxtərəfliliyin və ümumbəşəri dəyərlərin aşındığını qeyd edib. O, Türk dünyasının həmrəylik və inteqrasiyasını davam etdirdiyini və regionun sülh, firavanlıq və sabitlik üçün iradəli şəkildə çalışdığını vurğulayıb.

Türk Dövlətləri Təşkilatının Bişkekdə keçirilən 11-ci Zirvə toplantısında qəbul edilən mühüm sənədləri xatırladan Fidan, qlobal pandemiyanın tədarük zəncirlərində yaratdığı pozulmaların və qarşıdurmaların qlobal sistemin əsas sütunlarını sarsıtdığını ifadə edib. O, həmçinin, Orta Dəhlizin Asiya ilə Avropa arasındakı ən etibarlı ticarət marşrutunu təklif etdiyini bildirib.

Fidan, enerji böhranının Orta Asiya və Qafqazın geostrateji əhəmiyyətini artırdığını və Türkiyənin enerji mərkəzi kimi daha da önə çıxdığını qeyd edib. Suriyaya dəstək çağırışı edərək, bu ölkənin yenidən qurulması və inkişafı üçün əməkdaşlığın vacib olduğunu bildirib.

Sonda Fidan, Türkiyə, Azərbaycan və Özbəkistanın siyasi və iqtisadi əlaqələrini inkişaf etdirmək üçün konkret addımlar atılacağını və üç ölkənin nəqliyyat nazirlərinin regional nəqliyyat şəbəkələrinin inkişafını müzakirə edəcəklərini də açıqlayıb.

Seçilən
0
turkic.world

1Mənbələr