"Football-plus.az" xəbər verir ki, ziyarət zamanı jurnalistlərə açıqlama verən AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev mərhum referinin Azərbaycan futbolunda dərin iz buraxdığını bildirib. Vitse-prezident 100 illik yubiley münasibətilə silsilə tədbirlərin keçiriləcəyini sözlərinə əlavə edib:
“Tofiq Bəhramov təkcə gənc hakimlər deyil, məşqçilər və futbolçular üçün də nümunədi. Bəlkə də, dünyada yeganə futbol hakimidi ki, adını daşıyan iritutumlu stadion var. Bütün bunları nəzərə alaraq, ötən ilin son aylarından AFFA-nın prezidenti Rövşən Nəcəf tərəfindən verilən tapşırıqlara əsasən, 2025-ci ildə Tofiq Bəhramovun adının yad edilməsi ilə bağlı müxtəlif silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri kimi qeyd etməliyəm ki, Tofiq Bəhramovun 100 illik yubileyinə həsr olunan yeni poçt markaları dövriyyəyə buraxılıb. Həmçinin, Misli premyer-liqasının 21-ci turu çərçivəsində həftəsonu keçiriləcək oyunlarda Tofiq Bəhramovun xatirəsi yad olunacaq. Bundan başqa, Azərbaycan Futbol Veteranları İttifaqı tərəfindən müxtəlif tədbirlər keçiriləcək. AFFA olaraq həmin ittifaqa bunun üçün müəyyən dəstək ayırmışıq. Tofiq Bəhramovun adı Azərbaycan futbolu üçün əzizdir, yaşayıb, hər zaman da yaşayacaq”.