Mətbuatda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin din xadimlərinə mediaya müsahibə verməsi ilə bağlı qadağaların tətbiq etdiyi yazılır.
Bildirilir ki, din xadimləri müsahibə vermək üçün komitəyə müraciət ediblər, lakin onlara icazə verilməyib.
Məsələ ilə bağlı komitədən Ölkə.az-a bildirilib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən media ilə əlaqələrin razılaşdırılması ilə bağlı din xadimlərinin qarşısına tələb və ya məhdudiyyət qoyulmayıb.
Eyni zamanda din xadimləri Komitəyə qeyd edilən məsələ ilə bağlı müraciət ünvanlamayıb.”İslamın və digər dinlərin mənəvi-əxlaqi dəyərlərinin, həmrəyliyə və birliyə çağıran xüsusiyyətlərinin təbliği və təşviqində, dini maarifləndirmə prosesində din xadimlərinin fəal iştirakı mühüm əhəmiyyətə malikdir.
Dini maarifləndirmə prosesində ənənəvi və sosial medianın funksiyalarından fəal istifadə edilməsinin əhəmiyyəti barədə dəfələrlə din xadimlərinə ünvanlanmış çağırışlar səsləndirilib.
Dövlət Komitəsi hesab edir ki, din xadimlərini dini maarifləndirmə işində, xalqımızın multikultural və tolerantlıq ənənələrinin təşviqində fəal iştirakı dövlətçilik maraqlarımız və cəmiyyətimizin ümumi mənafeləri baxımından vacibdir”.