Son vaxtlar ölkə ərazisində sahibsiz itlərlə bağlı narahatlıqlar artıb. Bəzi sakinlər bu heyvanların təhlükəli ola biləcəyini düşünür. Amma məsələyə daha geniş və humanist baxışla yanaşmaq lazımdır. Sahibsiz itlər problemi yalnız onların varlığı ilə məhdudlaşmır. Əsas məsələ bu heyvanların nəzarətsiz qalması, vaxtında peyvənd olunmaması və uyğun sığınacaqlara yerləşdirilməməsidir.
Avtosfer.az xəbər verir ki, bu itlər ac, susuz, bəzən də xəstə olurlar. Onların aqressiv davranışı çox vaxt aclıqdan, qorxudan və ya insanların onlara qarşı sərt münasibətindən qaynaqlanır. Əslində onlar da həyatda qalmağa çalışan canlılardır və problem itlərin özlərində deyil, onların taleyinə biganə qalan cəmiyyətimizdədir.
Məsələ ilə bağlı heyvan haqlarının müdafiəçisi, “Canlı Ailənin Mühafizəsi” Alyansının rəhbəri Mənsurə Rəsulzadə Avtosfer.az- açıqlamasında bildirib ki, heyvanların peyvəndlənməsi onların sahibinin məsuliyyətidir:
“Sahibsiz heyvanların peyvəndlənməsi isə baytarlıq xidmətinin üzərinə düşür. Bu məqsədlə dövlət hər il büdcə ayırır, çünki bu Dünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi prosedurlardan biridir və Azərbaycan da bu qaydalara riayət edir.
Dövlətin ayırdığı vəsait baytarlıq xidmətinə ötürülür. Bu sahəyə aid olan qurumlardan biri də Aqrar Komitədir. Lakin əsas məsuliyyət baytarlıq xidmətinin üzərindədir. Buna baxmayaraq, bəzi hallarda qurumlar bu məsuliyyəti bir-birinin üzərinə atır. Bu cür hallar müxtəlif yerlərdə müşahidə olunub.
Xırdalan və Sumqayıt kimi bölgələrdə heyvanlarla münasibət daha problemlidir. Geniş ərazilərin olmasına baxmayaraq, burada insanlar heyvanlarla daim mübarizə aparır. Müxtəlif təşkilatlar və könüllü qruplar heyvanları müdafiə etmək üçün birləşir. Bəzən isə bu mövzuda qarşıdurmalar yaşanır ki, bunun əsas səbəbi müəyyən qaydalara riayət edilməməsidir. Bu isə birbaşa dövlət qurumlarının məsuliyyətidir.
2007-ci il mayın 30-da Azərbaycan Respublikasının Prezidenti Avropanın “Ev Heyvanlarının Mühafizəsi Konvensiyası”nı imzalayıb. Bu sənədə əsasən, məsuliyyətli qurum olan baytarlıq xidməti Konvensiyanın tələblərinə uyğun plan hazırlamalıdır. Bu plana heyvan sığınacaqlarının yaradılması, vaxtında peyvəndlənmə, küçə və sığınacaq heyvanlarının sağlam saxlanılması və yemlənməsi daxildir. Lakin mövcud imkanlar olmasına baxmayaraq, bu məsələlərə yetərincə diqqət ayrılmır”.
Sahibsiz itlər problemi yalnız təhlükəsizlik məsələsi kimi qiymətləndirilməməlidir. Bu eyni zamanda humanist yanaşma və cəmiyyət olaraq məsuliyyətimizi anlamaq məsələsidir. Onlara qarşı sərt tədbirlər görmək problemin həlli deyil, əksinə, daha böyük mənəvi və sosial problemlərə səbəb ola bilər. Əgər biz həm insanlar, həm də heyvanlar üçün daha təhlükəsiz və mehriban bir mühit yaratmaq istəyiriksə, məsuliyyətli addımlar atmalı və bu canlara daha mərhəmətli yanaşmalıyıq.
Fidan