AZ

Ceyhun Bayramov özbək həmkarı ilə müzakirə aparıb

Yanvarın 29-da xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşü çərçivəsində Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb.

Görüş zamanı Azərbaycan–Özbəkistan müttəfiqliyindən irəli gələn məsələlər, ikitərəfli, həmçinin çoxtərəfli əməkdaşlığın genişləndirilməsi imkanları, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.

Ötən ilin iki ölkə arasında müttəfiqlik münasibətlərini təsbit edən müqavilənin imzalanması ilə əlamətdar olduğu, diplomatik münasibətlərimizin 30 illiyini qeyd etdiyimiz cari 2025-ci ilin isə müttəfiqliyimizin siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat-kommunikasiyalar, mədəni-humanitar aspektlərinin daha da zənginləşdirilməsi ilə yadda qalacağına dair ümidvarlıq ifadə olunub.

Azərbaycan ilə Özbəkistan arasında qardaşlıq və dostluğa əsaslanan müttəfiqliyin inkişafında iki ölkənin liderləri arasında mövcud yüksəksəviyyəli dialoqun, Azərbaycan–Özbəkistan Ali Dövlətlərarası Şurasının, Hökumətlərarası Komissiyanın, siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti vurğulanıb.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və s. habelə digər çoxtərəfli formatlar çərçivəsində əməkdaşlığın, qarşılıqlı dəstəyin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.

Ötən il ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı, ötürülməsi sahəsində imzalanmış strateji tərəfdaşlıq sazişinin regional enerji, nəqliyyat və kommunikasiyaların inkişafı istiqamətində atılan əhəmiyyətli addımlardan biri olduğu qeyd edilib.

Görüş zamanı, eyni zamanda, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi üzrə Tədbirlərin Kompleks Proqramı” imzalanaraq təsdiqlənib.

XQ

 

Seçilən
1
xalqqazeti.az

1Mənbələr