Gəncədə böyük tədbirə hazırlıqlar başlayıb
2025-ci ildə Azərbaycan növbəti böyük idman yarışına - MDB Oyunlarına ev sahibliyi edəcək. Üçüncü MDB Oyunları üçün 14 şəhər seçilsə də, əsas oyunlar Gəncə şəhərində keçiriləcək. Bu məqsədlə şəhərdə yeni stadion da inşa edilir.
Gəncədə böyük abadlıq-quruculuq və təmir işlərinə başlanılıb, buna paralel olaraq, şəhərin su təchizatı sisteminin yenidən qurulması məsələsi də diqqət mərkəzindədir.
Reyting.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, İmamzadə ziyarətgahının imamı Hacı Tahir Abbasov Gəncədə görülən işlərə görə Azərbaycanın dövlət başçısına minnətdarlığını bildirib. O, şəhərdə aparılan təmir işlərini və yolların bərpasını yüksək qiymətləndirib:
“Gəncə yenidən abadlaşır, gözəlləşir. Şəhərimizə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür edirəm. Cənab prezidentimiz Gəncəni daimi diqqətdə saxlayır, digər bölgələrimiz kimi bizim şəhərə də xüsusi həssaslıqla yanaşır. İstər Vətən müharibəsi dövründə, istərsə də ondan əvvəl və sonra Gəncə xüsusi qayğı ilə əhatə olunur”.
Hacı Tahir Abbasov
Xatırladaq ki, Azərbaycanın dövlət başçısı İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso ilə görüşüb. Görüşdən sonra Azərbaycan Respublikası ilə AYİB arasında “Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün kredit sazişi” imzalanıb. Bununla, Gəncə şəhərinin su təsərrüfatı ilə bağlı layihənin icrasının Bank tərəfindən maliyyələşdirilməsinə razılıq verilib.
Hacı Tahir Abbasov Gəncənin su təchizatının yaxşılaşdırılması üçün görüləcək işlərin də şəhər sakinləri tərəfindən alqışlandığını bildirib.
Din xadimi Gəncədəki abadlıq-quruculuq işlərinə görə şəhərin icra başçısı Niyazi Bayramovun və "Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədovun da fəaliyyətini müsbət dəyərləndirir:
“Aqibət Məmmədov vaxtilə İmamzadə ziyarətgahının da bərpasında yaxından iştirak edib, müqəddəs məkanın abadlaşdırılmasında böyük xidməti olub. İndi isə yolların təmiri ilə məşğuldur. O, Gəncənin abadlaşdırılması üçün əlindən gələni əsirgəmir.
Eyni zamanda, icra başçısı Niyazi Bayramov 44 günlük müharibə zamanı şəhid cənazələrinin qarşılanmasında, şəhid ailələrinə diqqət və qayğının göstərilməsində böyük işlər görürdü. Yəni icra başçısı çətin günlərdə şəhid və qazi atalarının yaynındaydı. Hazırda da şəhid ailələrinə, qazilərə və şəhərimizin digər sakinlərinə qayğısını əsirgəmir”.
İmamzadə ziyarətgahı
O, Gəncə İmamzadə ziyarətgahının imamı olduğu müddətdə həmişə Azərbaycan xalqının, Ali Baş Komandanımızın və dövlətimizin qələbəsi üçün dua etdiyini və nəhayət, İlham Əliyevin sərkərdəliyi ilə düşmən üzərində qələbə çaldığımıza xüsusi diqqət çəkib.
Milli Azadlıq Hərəkatındakı fəaliyyətinə görə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən həbs olunaraq Moskvadakı Lefortova zindanında siyasi məhbus həyatı yaşamış Hacı Tahir Abbasov 1990-cı illərin əvvəllərində ölkəmizdə baş vermiş hadisələri də xatırlayıb və gənclərimizə bu hadisələri unutmamağı tövsiyə edib: “Həmin dövrdə Ulu öndərimiz qan davalarını dayandırdı. Üstəlik, separatçıları, təxribatçı qrupları, silahlı reket-quldur dəstələrini məğlub etdi. Gəncədə də şahidi olduğumuz həmin mübarizəni yüksək qiymətləndiririk”.
Hacı Tahir Abbasov sonda əlavə edib ki, 44 günlük Vətən müharibəsində döyüş meydanı ilə yanaşı arxa cəbhədə də böyük xidmətləri olan şəxslər var və zaman-zaman onlarla bağlı xatirələrini yazacaq.
V. QULİYEV