AZ

Givi Mikanadze: AŞPA-nın tələbləri Gürcüstanın daxili işlərinə müdaxilə və gürcü xalqının iradəsinə ziddir

Strasburq, 30 yanvar, AZƏRTAC

Avropa Şurası Parlament Assambleyasının sessiyası başlayandan yalnız ikili standartları müşahidə edirik. Onlar ötən ilin oktyabrında Gürcüstanda keçirilmiş parlament seçkilərinin nəticələrindən razı deyillər. Onların Gürcüstanda parlament seçkilərində hər hansı qanun pozuntusu ilə bağlı heç bir sübutları yoxdur. Çünki seçkilərdə heç bir qanun pozuntusu olmayıb. Seçkilər yüksək standartlara uyğun keçirilib. ATƏT-in müşahidə missiyasının yekun bəyanatında da bu, öz əksini tapıb. Seçkilərdən 3 ay keçməsinə baxmayaraq, onlar hələ də seçki pozuntuları ilə bağlı sübutları ortaya qoya bilməyiblər.

Bu fikirləri Gürcüstanın AŞPA-da nümayəndə heyətinin üzvü Givi Mikanadze AZƏRTAC-a müsahibəsində deyib.

Deputat bildirib ki, seçkilər ilk dəfə quraşdırılmış elektron maşınlar vasitəsilə aparılıb və ədalətli keçib. AŞPA-da deyilənlər isə reallıqla ziddiyyət təşkil edir. AŞPA-da bəzi qüvvələr Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərinə etiraz etmək istədiklərini deyirlər. Bunu Monitorinq komitəsinin təqdim etdiyi məruzə layihəsində də aydın görürük, nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməsi üçün şərtlər irəli sürülür.

“Bu şərtlər ondan ibarətdir ki, Gürcüstan yeni parlament seçkiləri keçirməlidir və yeni seçkilərin tarixi aprelədək müəyyən edilməlidir. Bu, tamamilə qəbuledilməzdir. Bu, Gürcüstanın daxili işlərinə müdaxilədir və gürcü xalqının iradəsinə ziddir. Bu, bizim üçün qırmızı xətdir. Gürcüstanda növbəti parlament seçkiləri 2028-ci ildə keçiriləcək”, - deyə G. Mikanadze vurğulayıb. O bildirib ki, AŞPA-da ikili standartlar davam edir. “Gürcüstan nümayəndə heyətinin etimadnamələri qeyd-şərtsiz təsdiq olunmalıdır”, - deyə deputat diqqətə çatdırıb.

Seçilən
1
2
azertag.az

3Mənbələr