AZ

Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir


   Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Ölkəmizin nəqliyyat imkanları beynəlxalq maliyyə qurumlarının hesabatlarında da liderliyini qorumasını şərtləndirir. Son 20 il ərzində Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib ki, bu da bir ilə min kilometrdən də çox yeni yol deməkdir. Bu, ölkədə nəqliyyatla bağlı görülmüş işlərin miqyasını göstərən rəqəmlərdən tək biridir. Həmin dövrdə Azərbaycanda, üstəlik, 335 körpü və yol ötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid də tikilib.

    Paytaxtımızda isə son 15 il ərzində yeni metro stansiyaları istifadəyə verilib, yol qovşaqları, tunellər, körpülər inşa edilib, yeni yollar salınıb. Bir sözlə, böyük layihələr icra edilib. Ölkə Prezidenti cənab İlham Əliyevin bu il yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə qeyd etdiyi kimi: "Baxmayaraq ki, son illər ərzində bu istiqamətdə bir çox işlər görülmüşdür, böyük infrastruktur layihələri icra edilmişdir, yenə də Bakı şəhərində tıxac müşahidə olunur və əfsuslar olsun ki, tıxacların sayı ildən-ilə artır. Bunun təbii səbəbləri var. Ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən-ilə artır. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb, hətta o rəqəmi də ötüb. Əlbəttə ki, vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artımı həzm edə bilmir".  

Bütün bunlarla yanaşı bu gün Azərbaycan həm də Avrasiyanın nəqliyyat xəritəsinin mühüm qovşağına çevrilib. Bu məqsədlə birbaşa Ölkə başçısı cənab İlham Əliyev tərəfindən böyük səylər göstərilib və praktiki işlər görülüb. Hazırda ölkəmizin ərazisindən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Bu baxımdan Azərbaycanın layihəsi olan Zəngəzur dəhlizi birbaşa mühüm beynəlxalq nəqliyyat dəhlizlərinin önəmli bir hissəsi kimi bu gün artıq dünyada qəbul edilmiş termindir.

Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə yeni layihələr sırasında Zəngəzur dəhlizi xüsusi qeyd edən dövlət başçısı vurğulamışdır: “Bu dəhlizin açılması üçün praktiki addımlar atırıq. Düzdür, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir”.

Müşavirədə Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısının vacibliyindən söz açan Prezident İlham Əliyev, Ermənistanın qeyri real layihələrinin davamı olaraq son günlərdə ortaya atdığı guya “Sülh kəsişməsi” layihəsi haqqında da söz edərək, bu layihəni bütün dünya ölkələrinə təqdim etdiklərini, lakin bu dırnaqarası layihənin Azərbaycanın iştirakı olmadan heç bir qiymətinin olmadığını bildirdi.

Bütün bunlara baxmayaraq, azad edilmiş ərazilərimizdə görülən işlərin əsasını da nəqliyyat layihələri təşkil edir. Burada 44 avtomobil yolu layihəsi icra edilib, eyni zamanda 45 tunel, 447 körpü, 16 viaduk nəzərdə tutulub. Bunlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi tamamlanıb. Horadiz-Ağbənd dəmir yolunun 60 faizi , Bərdə-Ağdam dəmir yolunun 94 faizi inşa edilib.

Göründüyü kimi, ölkəmizdə həm magistral yolların, şəhərlərarası yolların, kənd yollarının çəkilməsi, dəmiryol xəttlərinin çəkilməsi istiqamətində böyük işlər görülüb. Xüsusilə, Qarabağda bu istiqamətfə görülən işlərin miqyası daha böyükdür və indi artıq dəmir yol xətləri və avtomobil xətləri, Qarabağda və Şərqi Zəngəzurda çəkilməsi prosesi çox geniş vüsət alıb və bütün bunlar nəticə etibarilə Qarabağa tarixi qayıdış missiyasında şərəflə yerinə yetirilməsi üçün çox mühüm imkanlar pəncərəsi açır və biz bütün bu vəzifələrin öhdəsindən də ləyaqətlə gələcəyik.

Ümid MEHDİYEV,

ADPU-nun rektor müşaviri


Seçilən
5
azia.az

1Mənbələr