Xorvatiyalı futbol mütəxəssisi Niko Kovaç Almaniyanın “Borussiya” (Dortmund) komandasının baş məşqçisi təyin edilib.
Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
53 yaşlı mütəxəssislə 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. O, bu postda türkiyəli Nuri Şahini əvəz edib.
Nuri Şahin “Borussiya”nın sükanı arxasına ötən ilin iyulunda, alman-xorvat mütəxəssis Edin Terziçin yerinə böyük ümidlərlə gətirilmişdi. Buna qədər Şahin Terziçin köməkçisi olaraq çalışırdı. 36 yaşlı mütəxəssis müqaviləsi üzrə baş məşqçi olaraq “Borussiya”nı 2027-ci ilin iyun ayının sonuna qədər çalışdırmalı idi.
Şahin “Borussiya”nı 27 oyuna çıxarıb, 12 qələbə, 4 heçə mənzərəsində isə klubun ad-sanına yaraşmayacaq qədər – 11 məğlubiyyət yaşayıb. Topların fərqi isə 55:44 nisbətindədir.
Almaniya Bundesliqasında keçirdiyi 19 oyundan 26 xalla 11-ci pillədə qərarlaşmış “Borussiya”nın bu gedişlə növbəti mövsüm üçün avrokuboklara vəsiqə qazana bilməyəcəyi ehtimalı artır.
Niko Kovaçın sonuncu iş yeri isə “Volfsburq” olub. O, 2022-ci ilin iyul ayından çalışdırdığı “Volfsburq”dan 2024-cü ilin martından qovulmuşdu.
Xorvatiyadan olan 52 yaşlı mütəxəssis daha öncə Almaniyada “Bayern” və “Ayntraxt” klublarında da baş məşqçi kimi çalışıb. “Monako”nun da baş məşqçisi olmuş Kovaç, ölkəsinin U-21 və əsas yığmalarına da rəhbərlik edib.