İsrailin hücumları nəticəsində yurd-yuvalarından didərgin düşən 423 mindən çox fələstinli Qəzzanın şimalına qayıdıb. Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stefan Dujarrik keçirdiyi gündəlik mətbuat konfransında Qəzza və İordan çayının qərb sahilindəki vəziyyətlə bağlı açıqlamalar verib. Stefan Dujarrik bildirib ki, Netzarim dəhlizinin açılışından bəri Qəzzanın şimalına qayıdanların sayının 423 mini keçdiyi təxmin edilir.
Stefan Dujarrik humanitar işçilərin köç edən insanlara yardım etməyə çalışdığını vurğulayıb. O, BMT-nin Uşaq Fondunun (UNICEF) uşaqlara, ailələri ilə əlaqəni kəsməmələri və təhlükəsiz qalmaları üçün adlarının yer aldığı qolbaqları payladığını qeyd edib. Köç edənlər arasında müşayiətsiz uşaqlar, hamilə qadınlar, qocalar, əlillər və xroniki xəstəlikləri olan insanların da olduğu bildirilib.
BMT sözçüsü İsrailin Cenin və Tülkərimdəki "əməliyyatlarının" davam etdiyini və İsrailin "ölümcül müharibə taktikası"ndan istifadə etməsindən narahat olduqlarını ifadə edib. O, həmçinin, işğal altındakı İordan çayının qərb sahilində humanitar vəziyyətin sürətlə pisləşdiyini və mülki infrastruktura hücumların davam etməsinin əsas xidmətlərin dayandırılmasına səbəb olduğunu bildirib. Dujarrik Tülkərimdə su və elektrik enerjisinə çıxışın çətinləşdiyini, 1000-ə yaxın insanın isə yurd-yuvalarından didərgin düşdüyünü açıqlayıb.