sığortalanma mexanizmləri artıq təkmilləşdirilib, bu baxımdan da vətəndaşların banklardakı pullarının batma, ehtimalı azdır
Azərbaycanda əhalinin banklardakı əmanətləri rekord səviyyəyə çatıb.
"APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu il yanvarın 1-nə əhalinin banklardakı əmanətləri 14 mlrd. 661,9 mln. manat təşkil edib ki, bu da indiyədək olan ən yüksək göstəricidir.
Əhalinin banklardakı əmanətləri əvvəlki ayla müqayisədə 3% və ya 426,3 mln. manat, son bir ildə isə 13,2% və ya 1 mlrd. 714,1 mln. manat artıb.
Qeyd edək ki, əhalinin banklardakı əmanətlərinin həcmi 2021-ci ildən etibarən davamlı artım tendensiyası nümayiş etdirir.
Xatırladaq ki, Beynəlxalq Valyuta Fondunun "Pul və Maliyyə Statistikası" metodologiyasına əsasən fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin əmanətləri də sözügedən əmanət həcminə daxil edilib.
Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, Azərbaycan milli valyutasının kursunun sabit qalması, həm də ölkədəki inflyasiya riski və eyni zamanda devalvasiya ehtimalları azaldıqca, sabit kurs vətəndaşların banklara üz tutmasına səbəb olub:
“Son dörd il ərzində Azərbaycan manatı, öz mövqeyini qoruyub saxlayıb. Xarici valyutalarla müqayisədə Azərbaycan manatının mövqeyini qoruyub saxlaması, vətəndaşların öz pullarını banklarda saxlamaq etibarını çoxaldır. Yəni, vətəndaşlar pullarını banklarda saxlamağa üstünlük verirlər. Bir sıra bankların təklif etdiyi əmanət faizləri bəzi hallarda illik 12, bəzi hallarda isə 13 faizə qədər artır. Bu istiqamətdə də müəyyən irəliləyişlər var. Bankların təklif etdikləri depozit faizləri ötən üç il ərzində təxminən dörd faizə qədər artıb və əlbəttə ki, bu da vətəndaşların banklarda vəsaitlərini saxlamasına, həvəsləndirib. Yəni bu istiqamətdə vətəndaşlar daha çox öz vəsaitlərini bankda saxlamağa üstünlük verirlər. Nəticə etibarilə vətəndaşların banklara olan güvəni müəyyən mənada artır".
Ekspert qeyd edib ki, sığortalanma mexanizmləri artıq təkmilləşdirilib:
"Bu baxımdan da vətəndaşların banklardakı pullarının batma, ehtimalı azdır. Sığorta, mexanizminin optimallaşdırılması və sığorta olunan əmanətlərin həcminin də ötən il artırılması nəticəsində vətəndaşlar banklara vəsaitlərini yönəltməyə üstünlük verirlər. Lakin burada bir məqam var. Həmin artan əmanətlərdə xarici valyutada olan depozitlər daha çox üstünlük təşkil edirlər. Düzdür, banklar, məsələn, ABŞ dollarına və digər xarici valyutalarla əmanət yatırımlarına daha az faiz təklif edirlər. Daha çox Azərbaycan manatına faiz təklif olunur. ABŞ dolları ilə yatırılan əmanətlərə illik təxminən 8 faiz dərəcəsi verilir. Qarşılığında isə 13-14 faizə qədər, Azərbaycan manatına üstünlük verilir. Buna baxmayaraq, vətəndaşlar milli valyuta ilə xarici valyuta alaraq banklarda depozit qoymağa üstünlük verirlər. Həm depozitlərin istifadə edilməsi, həm sığortalanması, həm də depozitlər üçün təşkil olunan faizlər banklara olan güvəni də artırıb. Eyni zamanda bu vətəndaşların da doğru qərar verməsinə gətirib çıxarıb”.