Ötən gün Sumqayıtda arvadını öldürən kişi ilə bağlı yeni faktlar məlum olub.
Belə ki, araşdırmalar zamanı məlum olub ki, o, bundan əvvəl də bir neçə dəfə məhkum olunub.
Hətta müəyyən edilib ki, A.Babışov həyat yoldaşını öldürməzdən bir müddət əvvəl bir nəfərin qulağını kəsib. Buna görə ona Cinayət Məcəlləsinin 127-ci maddəsi ilə ittiham irəli sürülüb. Həmin cinayət işinin həm ibtidai istintaqı, həm də məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin vəkili tərəfindən Ağababa Babışovun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət verilsə də, məhkəmə həmin vəsatəti təmin etməyib. Onun barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilib.
Yaxınları bildiriblər ki, həmin cinayətinə görə məhkəmə onu həbs etmiş olsaydı, bu ağır cinayət yaşanmazdı.
Çünki bir neçə dəfə cinayət törətməyə görə məhkum edilmiş, hazırda isə başqa bir cinayət törətməyə görə təqsirləndirilən şəxsin azadlıqda qalması bir növ onun hazırkı cinayət əməlini törətməsinə zəmin yaradıb.
Qeyd edək ki, yanvarın 29-da saat 4 radələrində Sumqayıt şəhəri ərazisində 32 yaşlı Səbinə Babışovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Şəhər prokurorluğundan verilən xəbərə görə, araşdırma zamanı 36 yaşlı Ağababa Babışovun yaşadıqları evdə bıçaqla xəsarətlər yetirərək arvadı Səbinə Babışovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ağabala Babışov iş üzrə şübhəli şəxs qismində tutulub.