AZ

BDU-nun çinli tələbəsi: AZƏRTAC mənə çox qiymətli təcrübə qazandırdı MÜSAHİBƏ

Bakı, 30 yanvar, AZƏRTAC

You Xin Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində Hökumətlərarası Təqaüd Proqramı ilə doktorantura təhsili alır. Magistratura səviyyəsi üzrə təhsilini də BDU-da alan You Xin “Azərbaycan-Çin beynəlxalq əlaqələri” mövzusunda elmi tədqiqatlar aparır. O, bu sahədəki biliklərini artırmaqla yanaşı, həm də Azərbaycan və Çin arasındakı əlaqələrin inkişafına töhfə vermək istəyir.

You Xin Azərbaycanda və BDU-da keçirdiyi illərin onun üçün çox dəyərli olduğunu, burada əldə etdiyi bilik və təcrübənin inkişafında mühüm rol oynadığını vurğulayır. AZƏRTAC çinli tələbə ilə müsahibəni təqdim edir.

- Azərbaycanda təhsil almaq qərarını necə verdiniz?

- Çində təhsil aldığım dövrdə universitet müəllimlərim Azərbaycanda təhsil almaq imkanından bəhs etdilər. Hökumətlərarası Təqaüd Proqramı barədə məlumat aldım və proqrama müraciət etmək qərarına gəldim. Beynəlxalq əlaqələr sahəsində Azərbaycanın təhsil sisteminin yüksək səviyyədə olduğunu eşidəndən sonra burada təhsil almağı daha cəlbedici hesab etdim.

- BDU-da ilk təhsil illərinizi necə xatırlayırsınız?

- Bu, mənim üçün unudulmaz anlarla dolu bir dövr idi. Çoxlu dostlar qazandım, isti münasibətlərin içində olmaq məni daha da həvəsləndirdi. Azərbaycanın təhsil sistemi, qonaqpərvər insanları, sosial mühiti mənim üçün çox faydalı oldu. Bu müsbət təcrübə məni növbəti təhsil pillələrimi də Azərbaycanda almağa yönəltdi.

- Təhsil müddətində hansı təcrübələri qazandınız?

- Magistr təhsilim beynəlxalq jurnalistika və informasiya siyasəti üzrə olub. Magistr təhsilim zamanı AZƏRTAC-da təcrübə keçdim. AZƏRTAC Çin Dövlət Agentliyi olan Sinxua ilə sıx əlaqələrə malikdir. AZƏRTAC beynəlxalq əlaqələri geniş və çoxşaxəli dövlət agentliyi kimi mənə çox qiymətli təcrübə qazandırdı. Təcrübə müddətində həm Azərbaycanın daxili xəbərləri, həm də xarici əlaqələri sahəsində dərindən bilgi topladım.

- Hazırda hansı mövzu üzrə tədqiqat aparırsınız?

- Hazırda Azərbaycan və Çin arasında beynəlxalq əlaqələr sahəsində tədqiqat aparıram. Mənim magistr dissertasiya işim isə Azərbaycan və Çin arasında media əlaqələrinə həsr olunmuşdu. Bu iki ölkə arasında əlaqələrin daha da dərinləşdirilməsinə olan marağım doktorantura pilləsində də tədqiqat işimə ilham verdi. Mənim məqsədim Azərbaycanla əməkdaşlığın inkişafı və gücləndirilməsi ilə bağlı ölkəmdə konkret təkliflər irəli sürməkdir.

- Azərbaycan mədəniyyəti ilə necə uyğunlaşdınız?

- İlk dəfə Azərbaycana gələndə bir çox fərqliliklər gördüm. Lakin zaman keçdikcə Azərbaycan mədəniyyətinə uyğunlaşmaqda çətinlik çəkmədim. Xüsusilə Novruz bayramı məni çox cəlb edir. Çində də Yaz bayramı qeyd olunur və hər iki ölkədə bayram ərəfəsində təmizlik, şirniyyat hazırlamaq və ocaq qalamaq kimi bənzər adət-ənənələr mövcuddur. Bu oxşarlıqlar mənim üçün xüsusi bir təcrübə oldu və mədəni inteqrasiya prosesini asanlaşdırdı.

- Azərbaycanla bağlı ən çox sevdiyiniz məqam hansıdır?

- Azərbaycanlıların qonaqpərvərliyi və səmimiyyəti məni çox təsirləndirib. Bu xüsusiyyətlər məni Azərbaycana daha yaxın hiss etdirdi. Buradakı təcrübələr mənim üçün həm akademik, həm də şəxsi inkişaf baxımından çox qiymətlidir.

- Çin və Azərbaycan arasında əlaqələrin gələcəyini necə görürsünüz?

- Azərbaycan və Çin arasında əlaqələrin böyük potensiala malik olduğunu düşünürəm. Xüsusilə iqtisadiyyat, ticarət və mədəniyyət sahələrində bu əlaqələr daha da dərinləşə bilər. Çinin Azərbaycanla yaxın əlaqələri hər iki ölkə üçün faydalı olacaq. Gələcəkdə daha çox müştərək layihələr və təşəbbüslər həyata keçirilə bilər.

- Hansı planlarınız var?

- Gələcəkdə ölkəmə qayıtdıqdan sonra Azərbaycanla Çin arasında beynəlxalq əlaqələr sahəsində daha dərin tədqiqatlar aparmaq və bu sahədə müxtəlif layihələrdə iştirak etmək istəyirəm. Eyni zamanda, mədəniyyətlərarası əlaqələri inkişaf etdirmək niyyətindəyəm.

Seçilən
6
azertag.az

1Mənbələr