Bakı, 30 yanvar, AZƏRTAC
Azərbaycan millisinin zədəli cüdoçularının vəziyyətinə aydınlıq gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının performans direktoru Riçard Trautman qurumun rəsmi saytına müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, Elcan Hacıyev, Yaşar Nəcəfov və Gültac Məmmədəliyeva cərrahiyə əməliyyatından sonra bərpa prosesindədirlər: “Onlar tam gücləri ilə olmasa da, artıq məşqlərə qayıdıblar. Bununla belə, irəliləyiş aydındır və onlar optimal formalarına qayıtmaq yolunda inamla irəliləyirlər”.
R.Trautman Turan Bayramov və Vüqar Talıbovun hərbi xidmət səbəbindən müvəqqəti olaraq idman fəaliyyətlərini dayandırdıqlarını söyləyib: “Turan cəmi bir ay əvvəl məşqlərə qayıdıb, tezliklə Vüqar da onlara qoşulacaq. Digər idmançılarımızın da kiçik çətinlikləri var. Məsələn, Zelim Tçkayevin kiçik zədələri var və onların müalicəsi tələb olunur. İlin əvvəlində Bakıda, Parisdə və Daşkənddə keçiriləcək turnirlərdə iştirak planlaşdırılıb. Bu yarışlarda, belə demək mümkünsə, eksperimental heyət iştirak edəcək. Heyət idmançıların hazırlıq səviyyəsinə əsasən formalaşdırılacaq. Əsas diqqət gənc, iddialı və istedadlı cüdoçularımızın potensialını yoxlamağa yönəldiləcək”.