Rusiya Federasiyası Ukraynaya qarşı müharibədə itkiləri əvəz etmək üçün ən azı 126 min “xüsusi kontingent” əsgəri cəlb etməyi planlaşdırır.
Herbiand.az bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Facebook sosial şəbəkəsində məlumat yayıb.
Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, 2025-ci ildə Rusiya işğal ordusundakı itkiləri əvəz etmək üçün “xüsusi kontingent”ə diqqət yetirəcək.
Xüsusilə, söhbət həbsxanalarda cəza çəkən, istintaq altında olan, kredit borcları və digər problemlərlə üzləşən rusiyalılardan gedir.
“İşğal ordusunun itkilərini ödəmək üçün Moskva hər ay “xüsusi kontingentin” 10 min nəfərini səfərbər etməyi planlaşdırır”, - məlumatda deyilir.
Eyni zamanda, ümumilikdə, Ukraynaya qarşı müharibədə hərbi birləşmə və birliklərin itkilərini əvəz etmək üçün Rusiya 2025-ci ildə ən azı 280 min işğalçını səfərbər etmək niyyətindədir.
Bəxtiyar CƏFƏRLİ