AZ

"Trampın biznesmen təfəkkürü ABŞ siyasətinə təsir edəcək" - Kənan Novruzov

“ABŞ prezidenti Donald Tramp Kanadanı ölkənin 51-ci ştatına çevirməkdə israrlıdır. O, növbəti dəfə bu barədə Şimali Karolinada jurnalistlərə açıqlamasında deyib.

“Mən Kanadanın 51-ci ştat olmasını görmək istərdim. Əgər bu baş versə, Kanada vətəndaşları böyük bir vergi güzəşti əldə edəcəklər. Onların hazırda çox yüksək vergiləri var”, - o bildirib”.

“Tramp əvvəllər də həm Qrenlandiya, həm də Kanada ilə bağlı oxşar bəyanatlar səsləndirib. Açığı, düşünmürəm ki, yaxın vaxtda Tramp Qrenlandiyanı ala bilsin, yaxud da Kanadanı özünün növbəti ştatına çevirə bilsin. Xüsusilə, Trampın bu mövqeyinin növbəti müharibəyə səbəb olması ehtimalını ümumiyyətlə istisna edirəm. Kanada hələ o qədər zəifləməyib, düşməyib ki, ABŞ-ın tərkibinə daxil olsun. Ancaq perspektivdə Tramp nə edəcək?”.

Bu fikirləri AzNews.az-a açıqlamasında “Report” İA-nin əməkdaşı, siyasi şərhçi Kənan Novruzov deyib.

Siyasi şərhçi qeyd edib ki, Tramp iqtisadi təsir vasitələrindən istifadə edəcək.

“Yəni, sərt güc yolunu seçməyəcək, bunun əvəzinə iqtisadi rıçaqlardan istifadə edəcək. Həmin ərazilərə investisiya ayıra bilər və ümumiyyətlə, biz ABŞ-ın bundan sonrakı siyasətində bunu görəcəyik. Trampın biznesmen təfəkkürlü siyasəti ABŞ-ın bundan sonrakı siyasətinə bilavasitə təsir edəcək və bu da özünü xüsusilə, Kanada və Qrenlandiya ilə bağlı məsələdə göstərəcək”.

Rəfiqə NAMAZƏLİYEVA

Seçilən
1
aznews.az

1Mənbələr