Tanınmış filosof, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, fəlsəfə elmləri doktoru Niyazi Mehdinin xəstəxana xərclərini ödəmək üçün ailəsi bankdan kredit götürüb.
Bu barədə Qaynarinfo-ya açıqlamasında onun həyat yoldaşı Dilarə Mehdi məlumat verib.
O, həyat yoldaşının vəziyyətinin stabil-ağır olduğunu bildirib:
"Hazırda reanimasiyadadır. Niyazinin 10 gün əvvəl ürəyi dayanmışdı. Ürəyi demək olar ki, 20% işləyir. Bir ayağının damarı tıxanıb. Başqa bir klinikaya apardıq, orada damarları təmizlədilər. Amma dizdən aşağı nahiyyəni təmizləyə bilmədilər. Dedilər damarlar bərk tıxanıb. Sonra Gömrük Xəstəxanasına gətirdik. Orada bizə bildirdilər ki, ayağı bud hissədən kəsilməlidir. Nə biz razı olduq, nə də özü. Dedi ki, ölsəm, ondan yaxşıdır. İndi böyük barmağını amputasiya ediblər. Məşhur damar həkimi Ağakişinin yanına apardıq. Müayinə edib, dedi ki, ayağını müalicə edəcək. Reanimasiyadan çıxsın, müayinə olunsun, sonra son qərar veriləcək".
Dilarə Mehdi deyib ki, həyat yoldaşının xəstəxana xərclərini özləri ödəyir:
"Professordur, bir qəpik də verən yoxdur. Bankdan kredit götürmüşük. Dostlarından Kamal Abdulla sağ olsun, həmişə bizə diqqətli olub. Gəldi xəstəxanaya, hamıya tapşırıb getdi. Yerdə qalan dostları isə bilmir, xəbərləri yoxdur".
Qeyd edək ki, Niyazi Mehdi xəstəxanaya yerləşdirilib və onun baş barmağı amputasiya edilib.