Gənclərin evlilikdən boyun qaçırmasının əsas səbəbi maddi çətinliklərdir. Onların əksəriyyəti xərclərinin bir hissəsini kreditlə qarşılamağa meyillidir. Amma bu, ciddi borc yükü yaradır.
Mövzu ilə bağlı "Yeni Sabah"a danışan iqtisadçı Natiq Cəfərli bunun başlıca səbəbini bank kreditlərinə meyldə görür:
“İstehlak kreditlərinin verilməsində kifayət qədər yumşalmalar oldu. Banklar istehlak kreditlərinə daha çox önəm verməyə başladılar. Nəticədə, vətəndaşlar, o cümlədən gənclər ehtiyaclarını ödəmək üçün kreditin bu növündən daha çox istifadə etməyə başladılar.
Borc yükünün artması prosesi sürətlənib. Problem ondan ibarətdir ki, gənclərin gəlir səviyyəsi aşağı olur. Yüksək maaş və gəlir daha çox illərlə qazanılan təcrübə və uğurlarla ölçülür”.
Ekspertin fikrincə, kredit yükü daha böyük olan şəxslərə yeni kreditlərin verilməsi qanunla məhdudlaşdırılmalıdır:
“Gələcəkdə bu, ciddi problemlər yaradacaq. Kredit tarixçəsi ilə bağlı məsələ daha da aktuallaşmalıdır. Bir çox ölkələrdə olduğu kimi, kredit tarixçəsində problem olan və yaxud daha böyük kredit yükü olan şəxslərə bankların kredit verməsi qanunla məhdudlaşdırılmalıdır”.
Nazim Hacıyev
Telegram kanalımız