“Expressen” xəbər verir ki, 2023-cü ildə İsveçdə Quranı yandıran iraqlı qaçqın Salvan Momika İsveçin Södertälje şəhərində güllələnərək öldürülüb.
Stokholm polisinin mətbuat xidməti SVT-yə həmin şəxsin öldüyünü təsdiqləyib, lakin mərhumun adını açıqlamayıb. Məlumata görə, iraqlının cəsədi dünən axşam, yanvarın 29-da Stokholm ətrafındakı yaşayış binalarından birində aşkar edilib. Təhlükəsizlik xidməti istintaqa cəlb olunub. Atışma ilə bağlı 5 nəfər həbs edilib. Hadisə yerinin ətrafı mühasirəyə alınıb, binanın ətrafında axtarış aparılır.
Bu gün, yanvarın 30-da Stokholm Dairə Məhkəməsi milli mənsubiyyətə görə nifrət salmaqda ittiham olunan Salvan Momikaya hökm oxumalı idi. Lakin sonradan məhkəmənin verdiyi məlumata görə, təqsirləndirilən şəxsin ölüm xəbəri təsdiqləndiyi üçün hökmün elanı təxirə salınıb.
Qeyd edək ki, Salvan Momika 2018-ci ildə İraqdan İsveçə gəlib. 2021-ci ildə üç illik yaşayış icazəsi alıb. O, Quranın açıq şəkildə yandırılması sayəsində şöhrət qazanıb. O, dindarların Qurban bayramını qeyd etdiyi gün Stokholmun mərkəzindəki meydanda müsəlmanlar üçün müqəddəs sayılan kitablardan birini yandırıb. İraq buna cavab olaraq İsveçlə diplomatik əlaqələri kəsib və səfirini Bağdaddan qovub.
//Samir Qurbanov, Editor.az