AZ

Avrasiyanın əvəzsiz nəqliyyat mərkəzi- rəqəmsallaşmadan sonra Azərbaycana çatan olmayacaq...

Image

Vüqar Bayramov: “Bütün bunlar ölkəmiz üçün beynəlxalq yükdaşımalar baxımından yeni imkanlar yaradır”

“Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir”. Bu sözləri Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə deyib.

Ölkə başçısının fikrincə, bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil: “Hazırda bizim ərazimizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, digər addımlar da atılır, o cümlədən rəqəmsallaşma məsələlərinə diqqət göstərilir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılmışdır və ortaq müəssisələr, müştərək müəssisələr qurulmuşdur. Bir sözlə, bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir”.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan üzərindən daşımalar proqnozlaşdırıldığından daha böyük həcmdə olacaq.

“Tranzit daşımaların artmağa doğru getməsi təkcə iqtisadi dividentlər gətirmir, bu, həm də geosiyasi dividentlər deməkdir”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən millət vəkili Vüqar Bayramovun fikrincə, Azərbaycan regional nəqliyyat xabının inkişafına töhvə verən ölkələrdəndir: “Bir tərəfdən Orta Dəhlizin inkişaf etməsi və genişlənməsi buna öz töhvəsini verir. Digər tərəfdən isə, Azərbaycanın nəqliyyat və logistik infrastrukturunun inkişafı, o cümlədən, elektron xidmətlərdən daha çox istifadə olunması praktik olaraq regionda Orta Dəhlizin və eləcədə digər nəqliyyat dəhlizlərinin imkanlarının artmasına gətirib çıxarıb. Aydındır ki, bir tərəfdən Rusiya, digər tərəfdən İrana qarşı tətbiq edilən sanksiyalar fonunda region üzərindən yüklərin daşınmasına maraq daha da yüksəlib. Bütün bunlar da təbii ki, Azərbaycan üçün beynəlxalq yükdaşımalar baxımından yeni imkanlar yaradır. Son illərin də statistikası göstərir ki, Azərbaycan üzərindən daşınan yüklərin həcmində ciddi artımlar müşahidə olunur. Bütün bunlar sözsüz ölkəmizin nəqliyyat infrastrukturunun genişlənməsi və inkişaf etməsi baxımından çox mühüm əhəmiyyət kəsb edir. Bütün bunlarla yanaşı, həm də proseduraların sadələşdirilməsi elektron xidmətlərdən daha çox istifadə ilə bağlıdır. Çünki Azərbaycan nəqliyyat sahəsində qonşu ölkələrlə əməkdaşlığı genişləndirir. Xüsusən də Gürcüstan və türkdilli ölkələrlə sıx əməkdaşlıq edir. Ona görə də bu sahədə birgə əməkdaşlığın həyata keçirilməsi regionun, o cümlədən Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirir. Deməyim odur ki, Azərbaycan üzərindən tranzit daşımaların artmağa doğru getməsi təkcə iqtisadi dividentlər gətirmir. Bu, həm də geosiyasi baxımdan dividentlər deməkdir”.

Vidadi ORDAHALLI





Seçilən
5
baki-xeber.com

1Mənbələr