Yaponiyada yolun ortasında yaranan nəhəng çuxura düşən şəxs tapılmır.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə paytaxt Tokioda baş verib.
Magistral qovşaqda yolun çökməsi nəticəsində 8 metr uzunluğunda yük maşını sürücü ilə birlikdə çuxura düşüb. Onun axtarışları 2 gündür davam edir.
Qəzadan sonra hadisə yerinə yanğınsöndürənlər göndərilib. Təxminən 10 metr eni və 6 metr dərinliyi olan çuxura enən xilasedicilər yeni çökmələr səbəbindən yük maşınının qapısını aça bilməyiblər.
Xilasetmə işləri zamanı iki yanğınsöndürən yaralanıb. Sürücü və yanğınsöndürənlərin yerin altında qalma riski səbəbindən xilasetmə işləri bir müddət dayandırılıb.
Bildirilib ki, çuxura yığılan kanalizasiya suları işlərin aparılmasına mane olub və sürücünün olduğu yer olan hissə qum yığınının altında qalıb.
Yük maşınının bir hissəsi çuxurdan çıxarılsa da, 70 yaşlı sürücüdən hələlik xəbər yoxdur.
Yolayrıcının ətrafındakı restoran lövhələri aşıb, elektrik dirəkləri çuxura düşüb. Yolun 10 metr dərinlikdən keçən kanalizasiya borusunun partlaması nəticəsində çökdüyü ehtimal edilir. Yerin altında təbii qaz borularının olmasına görə ərazidə yaşayan sakinlərə təxliyyə olunmaları barədə xəbərdarlıq edilib.
Rayonu əhatə edən 12 şəhərdə yaşayan təxminən 1,2 milyon insana sifona az basmaq, paltar yumamaq və çimməyi təxirə salmaq tapşırılıb.
Rəsmilər yerli mətbuata açıqlamasında çuxurun daha da böyüyə biləcəyini deyiblər.
Billurə Yunus