AZ

Mərkəzi Asiya ölkələri Rusiya və Belarusu yox, Azərbaycanı seçdilər...

Image

Əli Mustafa: “Sərnişin təyyarəmizin vurulması, Rusiyanın hava məkanına olan etimadı sarsıdıb”

“Uzbekistan Airways” aviaşirkəti təhlükəsizlik baxımından Avropaya bütün reyslərini Rusiya və Belarus üzərindən deyil, Azərbaycan və Türkiyə üzərindən həyata keçirməyə başlayıb. 

Bu barədə aviaşirkətin idarə heyətinin sədri Şuxrat Xudaykulov bildirib. 

Onun sözlərinə görə, bu qərar Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) Rusiyanın Avropa ərazisi üzərində uçuşların təhlükəsizliyinə dair son hesabatı əsasında qəbul edilib: “Təbii ki, bu, bir istiqamətdə uçuşu 30-40 dəqiqə uzadır və şirkət üçün əlavə xərclərə səbəb olur. Buna baxmayaraq, biz gediş haqqını artırmadıq, çünki bu, fors-major haldır və sərnişin buna görə məsuliyyət daşımamalıdır”. 

Şirkət rəhbəri həmçinin bildirib ki, Qazaxıstanda “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğramasından sonra Özbəkistan Baş nazirinin rəhbərliyi ilə komissiya yaradılıb və təcili müzakirə aparılıb. Vəziyyət diqqətlə təhlil edildikdən sonra hava marşrutlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qərarlar qəbul edilib.

Göründüyü kimi, Orta Asiya ölkələri artıq Rusiyanın hava məkanına etibar etmir və Azərbaycan üzərindən uçuşlara önəm verirlər.

“Müharibə şəraitində olduğu üçün belə bir ölkənin hava məkanı sərnişin təyyarələri üçün təhlükəsiz ola bilməz”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafa hesab edir ki, son vaxtlar Rusiyanın hava məkanında yaranmış vəziyyət həm qonşu ölkələri, həm beynəlxalq ictimaiyyəti kifayət qədər ciddi narahat edir: “Problem ondadır ki, Rusiyanın öz təqsiri ucbatından artıq bu ölkənin hava məkanı təhlükəsiz deyil. Azərbaycanın mülki sərnişin təyyarəsinin Rusiyanın hava məkanında vurulması və qəzaya uğraması nəticəsində insanların həyatını itirməsi fikrimcə, hamıya dərs olub. Sərnişin təyyarəmizin vurulması, Rusiyanın hava məkanına olan etimadı sarsıdıb. Nəinki Orta Asiya ölkələri, digər dövlətlər də Rusiya üzərindən uçuşlar həyata keçirməkdə ehtiyat edirlər. Özbəkistan təyyarələrinin də məhz Rusiya və Belarus üzərindən deyil, Azərbaycan və Türkiyənin hava məkanından keçərək Avropaya uçuşlar həyata keçirməsi doğru qərardır. Çox güman ki, onlar yaranmış vəziyyəti ətraflı araşdırıb təhlil edəndən sonra bu qərarı veriblər. Ən azından nəzərə almaq lazımdır ki, Rusiya müharibə şəraitindədir. Ukrayna dronları demək olar hər gün Rusiyanın neft emalı zavodlarını və digər mühüm obyektləri hədəf alırlar. Ona görə də belə bir ölkənin hava məkanı sərnişin təyyarələri üçün təhlükəsiz ola bilməz. Düzdür, bu, daşıma xərclərini bəzi hallarda artırır, ancaq sərnişinlərin təhlükəsizliyi hər şeydən önəmlidir. Reallıq odur ki, bu gün Rusiyanın hava məkanının dünya üçün etibarsızlığı bir faktdır. Azərbaycan təyyarəsinin vurulmasından sonra Rusiyanın sərgilədiyi qeyri-obyektiv mövqe, bir çox ölkələri ciddi narahat edir. Çünki həm mülki təyyarəni vururlar, həm də bununla bağlı məsuliyyətdən yayınırlar. Bu da istər-istəməz bir çəkingənlik yaradır. Təhlükəsizlik risklərini artırır. Ona görə də Özbəkistan tərəfi doğru addım atıbdır. Bütün bunlar bu və ya digər formada Rusiyanı etibarsızlaşdırır”.

Vidadi ORDAHALLI





Seçilən
2
baki-xeber.com

1Mənbələr