AZ

“Yeni bələdiyyə sistemi gənclərin təşəbbüskarlığını artıracaq və QHT-lər idarəetməyə dəstək olmalıdır” - Gülnarə Əmiraslanova

“Azərbaycanda növbəti bələdiyyə seçkiləri uğurla keçirilib. Ölkədə fəaliyyət göstərən 26 siyasi partiyadan 23-nün iştirak etdiyi bu seçkilər, demokratik prosesin sağlam şəkildə həyata keçirildiyini göstərib. Seçki öncəsi və proseslərdə heç bir qanunsuzluqla qarşılaşılmaması, həmçinin ekzitpolların seçkilərin ilkin nəticələri ilə eyni olması, bu prosesi uğurlu olaraq qiymətləndirmək üçün kifayət qədər əsasdır”.

Bu sözləri “Bələdiyyə, Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin icraçı direktoru Gülnarə Əmiraslanova QHT.az-a özəl açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, bələdiyyə seçkilərinin nəticələrinə dair QHT.az-a açıqlamasında, yeni bələdiyyə üzvlərinin seçilməsini və bu yeni bələdiyyə sisteminin gələcəkdə çox müsbət nəticələr verəcəyini vurğuladı, gənclərin bələdiyyə üzvü kimi təmsil olunmasının əhəmiyyətini qeyd etdi:

“Bu il baş verən bələdiyyə birləşmələri ilə əhali sayı az olan bələdiyyələrin rasionallaşdırılması, bu sistemin inkişafına xidmət edəcək. Gənclərin təşəbbüskarlıq qabiliyyətləri yüksəkdir, yeni bələdiyyə üzvlərinin daha fəal və innovativ fəaliyyət göstərəcəyinə ümid edirik. Qeyri-hökumət təşkilatlarının (QHT) bu sistemin inkişafında rolunu da vurğulamaq istərdim. QHT-lər daim bələdiyyə idarəetməsinə dəstək olmalı, yeni layihələr vasitəsilə bələdiyyə üzvlərinin təşəbbüskarlığını artırmalı və onlara müasir idarəetmə modellərini öyrətməlidir”.

Yeni layihələr və gələcək perspektivlər

Gülnarə Əmiraslanova, "Yeni layihəmiz bələdiyyələrin inkişafına və idarəetmənin müasir modellərinin tətbiqinə yönəlib" deyə bildirib. O, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il qrant müsabiqəsi ilə bağlı yeni layihə təqdim etməyi planlaşdırdıqlarını açıqladı. Bu, artıq onların bu tip müsabiqələrə təqdim etdikləri ikinci layihə olacaq. O, rəhbərlik etdiyi "Yerli özünü idarəetmə orqanlarında qadın təşəbbüskarlığının artırılması" adlı layihənin 2024-cü il qrant müsabiqəsində qalib olduğunu və layihənin Goranboy, Samux və Göygöl rayonlarında uğurla icra edildiyini bildirdi. Yeni layihələrində isə yalnız qadınlarla deyil, həm də bələdiyyə üzvü olan kişilərlə də çalışmaq niyyətində olduqlarını əlavə etdi.

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
3
qht.az

1Mənbələr