Ermənipərəst eks-senatorun “korrupsiya marafonu” məhkəmənin nida işarəli hökmü ilə özünün məntiqi sonluğuna yetişdi. Kuba əsilli 71 yaşlı Robert (Bob) Menendez məlum “marafonunu” qarşıdakı 11 ildə həbsxanada dustaqlar üçün ayrılmış xüsusi zolaqda “gündəlik gəzinti” ilə əvəzləməli olacaq.
3 ildən çox idi ki, ABŞ femidası Senatda ermənilərə lobbiçilik edən türkofob, anti-Azərbaycan çıxışları ilə “məşhurlaşmış” Bob Menendezin və onun erməni əsilli arvadı Nadin Arslanyanın dövlət əleyhinə fəaliyyətləri, müxtəlif iş adamlarından “himayə” müqabilində rüşvət kimi külli miqdarda pul, bahalı hədiyyə və xidmətlər qəbul etmələrini araşdırırdı. Proses yekunlaşdı, haypərəst-korrupsioner senator finiş xəttinə çatdı.
Beləliklə, ABŞ mətbuatı xəbər verir ki, rüşvətxorluq və korrupsiya ittihamı ilə 11 il həbs cəzasına məhkum edilmiş keçmiş senator törətdiyi əməllərdən utanıb-qızarmadan məhkəmənin hökmünü “siyasi təqib” kimi qiymətləndirib.
2024-cü ilin iyul ayında andlılar məhkəməsi Bob Menendezi rüşvət, səlahiyyətdən sui-istifadə, fırıldaqçılıq, ədalət mühakiməsinə maneçilik və xarici ölkənin agenti kimi fəaliyyət də daxil olmaqla, 16 maddə üzrə təqsirli bilib. İstintaq araşdırması nəticəsində sübuta yetirilib ki, Robert–Nadin Menendez-Arslanyan cütlüyü Misir və Qətər hökumətlərinin Birləşmiş Ştatlardakı maraqlarına lobbiçilik etmək müqabilində nağd pul, qızıl külçələr və digər hədiyyələr alıblar. İlkin istintaqın sübuta yetirdiyi hallardan birinə görə, senator Menendez Vaşinqtonun Misirə hərbi təchizat və yardımın koordinasiyasını asanlaşdıracağını vəd edibmiş.
Oxuculara xatırladaq ki, keçmiş senator rüşvət olaraq qiymətli əşyaları, pulları, “Formula 1” dünya çempionatına biletləri və dəyəri 10 min dollardan 24 min dollara qədər olan saatları qəbul edib. Bunun üçün Menendez “Qətər hökumətinin xeyrinə olan tədbirləri” yerinə yetirməli olub. Bunlar məhkəmə tərəfindən ahıl senatorun sübuta yetirilmiş cinayət əməlləridir.
İttiham elan olunduqdan dərhal sonra demokratların Senatdakı çoxluğun lideri Çek Şumer Menendezi tutduğu vəzifədən getməyə çağırmışdı. Şumeri hiddətləndirən o idi ki, Menendez vəzifədə olarkən xarici ölkənin agenti kimi fəaliyyət göstərməkdə ittiham olunan ilk dövlət məmuru – senator olub.
Maraqlıdır ki, Nyu-Yorkun Cənub Dairəsinin bəzi prokurorları hələ 3 il bundan əvvəl senatora 10 cinayət ittihamından yayınmaqda köməklik göstərmişdilər. ABŞ Prezidenti Donald Tramp bu məhkəmə prosesinin siyasi xarakter daşıdığını bildirib. Rüşvətxor-demokrat senatorun ermənipərəst dəstəkçiləri isə “siyasi təqib” kimi qələmə verirlər. İndi respublikaçılar ümid edirlər ki, Ağ Evin yeni administrasiyası qanunverici orqanda erməni lobbiçilərin qazdıqları korrupsiya quyusunu təmizləyəcək və dünyanın “demokratiya beşiyi”ndə hüquqi mühitin, idarəetmə sisteminin şəffaflığını təmin edəcək.
Yəqin, bundan sonra senator və konqresmenlər ermənilərin atdığı tora düşməzdən əvvəl Menendezin aqibətini yada salmağa məcbur olacaqlar. Haypərəstliyi sərhəd tanımayan, ABŞ-dakı erməni lobbisinin hərtərəfli “dəstəklədiyi”, indi adı həm də kriminal dairələrlə işbirliyində hallanan Menendez hələ 1995-ci ildə Konqresin “erməni məsələləri üzrə Qrupu”na daxil olmuşdu. Bu, o qrupdur ki, ABŞ hökumətinin Azərbaycana birbaşa hərbi yardımını nəzərdə tutan qətnamə layihəsini bloklamış, eləcə də Metyu Brayzanın Azərbaycana səfir təyin olunmasına qarşı çıxmışdı.
O dövrdən başlayaraq çənəsi erməni lobbisinin pulu ilə açılan Menendez əlində olan imkanlardan sponsorlarının istəklərini təmin etmək üçün istifadə edirmiş. Azərbaycanın yerini xəritədə göstərə bilməyən bu adamdan hansı ədalət, vicdan gəzləmək olar? 30 illik ömür-gün yoldaşı Ceyni boşayıb haykanuş Nadinlə evlənəndən sonra “qara günləri” başlayan Menendez məhz ermənipərəstliyinin qurbanı oldu.
Yazımızı ritorik sualla yekunlaşdıraq: hayların haram pulları, haykanuşun “yol xəritəsi” ilə hərəkət edən və çaşan senator ahıl çağında başqa hansı aqibətlə üzləşməli idi ki?
İ.HƏSƏNQALA
XQ