2025-ci ilin ilk Azərbaycan derbisi Misli Premyer Liqasının XXIII turu çərçivəsində sabah saat 19:00-da start götürəcək. 

Offsideplus.az xəbər verir ki, "Neftçi Arena"da keçiriləcək "Neftçi" - "Qarabağ" oyununa biletlər artıq demək olar ki, tükənib. Odur ki, bizi son illərin ən maraqlı derbilərindən biri gözləyir. Sözsüz ki, statistikaya nəzər salsaq,  "Qarabağ"ın aşkar üstünlüyü göz qabağındadır. Bu  komandalar arasında 97 oyundan 43-də Ağdam təmsilçisi, 23-də "ağ-qaralar" qələbə qazanıb. 31 dəfə komandalar meydandan heç-heçə ilə ayrılıb. Son 7 derbidə məğlub olan "Neftçi"nin iştahı diş altındadır: Samir Abbasovun yetirmələri çempionat və kubok daxil olmaqla, axırıncı 3 qarşılaşmada qələbə qazandığına görə nikbin əhval-ruhiyyədədirlər.

Qurban Qurbanovun start "11-liy"ndə yer alsa da, almasa da derbidə şübhəsiz ki, diqqətlər Kadi Borgesdə olacaq. Axı, 5 gün öncə braziliyalı hücumçu "Qarabağ"a qayıdışını möhtəşəm qeyd etdi. "Səbail"ə qarşı 5:0 hesabla bitən oyunda 1 qol, 1 assist vingerin "qol aclığını" hələ yatızdırmayıb.

Kadi "Qarabağ"dakı birinci dönəmində 6 Azərbaycan derbisində iştirak edib, "Neftçi"nin qapısından 6 qol keçirib. Hətta bu oyunlardan 2-də dubla imza atıb ki, bunlardan biri 2022-ci ilin 2 dekabrına təsadüf edir. Elə həmin qollar Kadinin "Qarabağ"ın heyətində son qolları olmuş və o, bir ay sonra Rusiyanın "Krasnodar" klubuna transfer edilmişdi. Bir sözlə, "Neftçi"nin qapısına vurulan qolların dadı Kadinin damağından hələ getməyib.  "Ağ-qaralar" üçün əsl kabusa çevrilən hücumçunu sabah dayandırmaq mümkün olacaqmı?