35 yaşlı Brazilya əsilli yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildi. 2012-18, 2019 və 2021-25-ci illərdə “köhlən atlar”da çıxış edən Riçard 376 oyunda 64 qol vurub. Almeyda premyer-liqada 254 (51 qol), kubokda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə Ağdam təmsilçisinin formasını geyib.
Riçard Almeyda 2021-də növbəti dəfə “Qarabağ”a dönəndə komanda ondan çox şey umurdu. Statistikadan (65 oyuna 7 qol) belə görünür ki, Qurban Qurbanov ondan istədiyini ala bilmədi. Doğrudanmı, belədi? Bu sualları təcrübəli mütəxəssis Vaqif Sadıxova ünvanladıq:
“Qurban Qurbanov onun qaytarılması haqda qərar verəndə istədiyini ala biləcəyini düşünürdü. Həmin vaxt legioner limiti də var idi. Keyfiyyətli futbolçu da tapmaq çətin idi. Hesab edirəm ki, Almeyda “Qarabağ”a kömək edə bildi. “Qarabağ” avrokuboklarda çıxış edəndə baş məşqçi rotasiyaya əl atırdı. Almeyda bu məqamda “Qarabağ”a xeyir verə bilib. Riçard ölkə futbolu üçün əlindən gələni etməyə çalışırdı. Çox səmimi və peşəkar insan olmaqla yanaşı, çox təcrübəli futbolçu idi. Əcnəbi futbolçulardan ibarət komanda yarada bilsəydik, Almeyda özünəməxsus yer alardı”.
ƏSƏD SEYİDOV