"Quzunun çəkisi ən az 15 kq-dan yuxarı olmalıdır ki, onun əti də olsun".
Bunu "Yeni Sabah"a peşəkar qəssab Səddam Hüseynov deyib.
Ət kəsimi və ət kəsminində lazımi müddətin gözlənilməməsi bu aralar geniş müzakirə olunur. Bəzi rəylərə görə azərbaycanlılrın "quzu sevgisi" ölkədə xırda və iribuynuzlu heyvandarlığın inkişafına mane olur və bazarda ətin qiymətinə təsir edir.
"Heyvanların aşağı çəkidə kəsilməsi ət istehsalına mənfi təsir göstərir, fermerlərin daha çox gəlir əldə etməsinin qarşısını alır". Bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirmişdi.
Elə onun sözlərinə görə, ölkə üzrə qoyun və keçilərin orta kəsim çəkisi 2023-cü ildə 14 kq-a bərabər olub və bu göstərici də 2020-2022-ci illərlə müqayisədə heyvan başına 2 kiloqramdan aşağıdır. 2023-cü ildə ölkə üzrə kəsilmiş qoyun və keçilərin orta kəsim çəkisinin 2 kiloqram az olması illik qoyun əti istehsalında 8 min ton civarında itki deməkdir.
"Körpə danaların kütləvi kəsimi ətin qiymətinin artmasına səbəb olur". Bunu da bu gün parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
O bildirib ki, 7-8 kq-lıq quzuların, körpə danaların kütləvi kəsimi və bazara çıxarılması heyvandarlığın inkişafına maneədir və bazarda ətin qiymətinin artmasına səbəbdir. Orta kəsim çəkisinin 2 kq az olması illik qoyun əti istehsalında 8 min ton itki deməkdir.
Mövzu ilə bağlı "Yeni Sabah"a danışan qəssab Səddam Hüseynov bildirib ki, 7-8 kiloqramlıq quzular kəsim üçün yaramır:
“O çəkidə quzu ümumiyyətlə çox körpədir. Kəsim üçün nəzərdə tutulan quzu azı 6 aydan yuxarı yaşda olmalıdır. Yəni çəkisi 15 kq-ı keçməlidir ki, əti də olsun.
Əslində, körpə quzuların alıcısı da çox deyil. Danaların kəsilməsi isə necə saxlanmasından asılıdır. Dananın yaşı ən az 6-7 aydan 1 ilə kimi olmalıdır”.
S. Hüseynov qeyd edib ki, ən yaxşı ət Aran zonasında, daha doğrusu, Bərdə və Beyləqan ərazisində olur:
“Biz, qəssablar daha çox şoran torpaqda saxlanılan heyvanları alırıq. Kokret desəm, Beyləqan və Bərdə kimi rayonlar. Aran zonasının torpağı şoran olduğuna görə, əti daha yaxşı olur. Həmin heyvanların əti duzunu daha tez alır”.
Nazim Hacıyev
Telegram kanalımız