Ermənistan Azərbaycanla beynəlxalq instansiyalardan qarşılıqlı iddialardan imtina edilməsini sülh müqaviləsi üzrə razılaşmanın əsas şərtlərindən biri kimi təklif edir.
Hətta son vaxtlar Ermənistan rəsmiləri bununla bağlı razılığın əldə olunduğunu bildirirlər. Qeyd edək ki, Azərbaycan tərəfi işğal dövründə törədilmiş hərbi cinayətlərə və dağıntılara görə Ermənistana qarşı Beynəlxalq Ədalət Məhkəməsində bir neçə iddia qaldırıb. Azərbaycan vurulmuş ziyana görə Ermənistandan 150 milyard dollardan 500 milyard dollara qədər təzminat tələb edə bilər. Ona görə də Ermənistan məhkəmə instansiyalarından qarşılıqlı imtinaya Azərbaycanı inandırmaqla bu məsuliyyətdən azad olmağa çalışır. Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Azərbaycan dəymiş ziyanın ödənilməsi məsələsini Ermənistanla danışıqlarda ikitərəfli qaydada həll edə bilər.
Bu baxımdan, məhkəmə instansiyalarından şikayətin geri götürülməsi normaldır. Eyni zamanda, Ermənistan kompensasiyanı ödəmək istəməsə, Azərbaycan yenidən beynəlxalq məhkəməyə müraciət etmək etmək hüququndan istifadə edə bilər:
“İndiki şəraitdə Paşinyana rəqib olan Köçəryan, Sarkisyan, hətta Ter-Petrosyan məsuliyyətə cəlb olunmalıdır. Artıq Ruben Vardanyan həbs edilib. Ola bilsin ki, sülh naminə Ermənistanın keçmiş üç prezidenti məsuliyyətə cəlb olunsun.
Əsas məqsədimiz erməni xalqının şüurundan işğalçı ideologiyanı pozmaqdır. Bu vasitə ilə gələcək sülhün bünövrəsini yaratmalıyıq. Ermənistanla ikitərəfli danışıqlarda təzminatın ödənilməsi ilə bağlı danışıqlar və hesablamalar olacaq. Yəqin ki, Ermənistanın hansısa mövqe ortaya qoyacaq. Azərbaycanın da öz arqumentləri olacaq. Əgər qərar xoşumuza gəlməsə, beynəlxalq məhkəmələrə yenidən müraciət etmək hüququmuz qalır”.
Tofiq Zülfüqarov hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi deyil, bəyanat xarakterli çərçivə sənədi imzalana bilər:
“Mən təklif edirəm ki, hər iki ölkənin Xarici İşlər nazirlikləri səviyyəsində bəyanat qəbul edilsin. Ötən il Azərbaycan və Ermənistan arasında hərbi əsirlərin dəyişdirilməsinə dair bənzər sənəd imzalanmışdı. İndi isə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri razılaşdırılmış bəndləri biri Bakıda, digəri isə İrəvanda oturmaqla imzalaya bilər. Bu saziş deyil ki, ratifikasiya olunması lazım gəlsin, yaxud dövlət başçısı imzalasın. Bu, sadəcə hüquqi çərçivədir. Ermənilər təklif edirlər ki, əgər istəsə, Türkiyə də həmin razılaşmanı qəbul etsin. Bu da mümkündür”.
Sabiq nazir qeyd edib ki, çərçivə sənədi yekun sülh müqaviləsinin imzalanmasına töhfə verə bilər:
“Son 26 ildə ilk dəfə Azərbaycanın təşəbbüsü ilə irəli sürülən prinsiplər sənədi razılaşdırılıb. Bu, böyük bir hadisədir. ATƏT-in Minsk qrupu vasitəçilik etdiyi danışıqlarda buna nail olmayıb. Amma bu, yekun sülh müqaviləsi deyil. Bəziləri bu hüquqi çərçivəni yekun sülh sazişi kimi təqdim etməklə Ermənistanın məsuliyyətdən yayınmasına şərait yaradırlar”.