Bu gün Misli premyer-liqasında 27-ci tura start veriləcək.
Üç gün ərzində keçiriləcək oyunlardan birincisi Mərdəkanda baş tutacaq. Burda “Araz-Naxçıvan” “Şamaxı”nı sınağa çəkəcək.
Misli premyer-liqası
3-cü dövrə, 27-ci tur
Araz-Naxçıvan – Şamaxı 0:0
“Araz-Naxçıvan”ın bu rəqiblə ev oyunlarının balansı: 3:+3=0-0, 4:0.
2000/01 – 2:0; 2001/02 – 1:0; 2024/25 – 1:0.
Cəzalı: Felipe Santos (Araz-Naxçıvan).
“Futbol+”in proqnozu: 40-30-30.
Bakı, “Liv Bona Dea Arena”. Saat 19.00.
“Araz-Naxçıvan” ötən həftə “Qarabağ”a uduzmaqla qələbə həsrətini 6 oyuna çatdırdı. Ümumiyyətlə, Muxtar Respublika təmsilçisi son 10 görüşdə yalnız bir qələbə əldə edib. İndi mövsümün ilk 16 turunda xarüqələr yaradan “qırmızı-ağlar”dan əsər-əlamət qalmayıb.
Elmar Baxşıyevin də çətin şəraitin öhdəsindən gələ bilmədiyi aydın görünür. Hətta bəzi matçlarda futbolçuların intizam qaydalarına əməl etmədiyinin şahidi oluruq. Buna ən bariz nümunə Felipe Santosdu ki, “köhlən atlar”la oyunda kobud qayda pozuntusuna yol verdi və birbaşa qırmızı vərəqəylə meydandan qovuldu. Deməli, Elmar Baxşıyev “Şamaxı”yla matçda aparıcı oyunçusunun, başqa sözlə, bombardirinin xidmətindən yararlana bilməyəcək. Bu üzdən “şirlər”lə qarşılaşmanın asan keçəcəyini düşünmək doğru olmaz. Naxçıvanlıların baş məşqçisi qısa müddətdə komandadaxili ab-havanı yaxşılaşdırmalı və hazırlıq səviyyəsini vacib qələbə üçün yetəcək həddə çatdırmalıdı.
“Şamaxı”ya gəlincə, Ayxan Abbasovun komandası “Sabah”ı məğlub etməklə premyer-liqada qalmaq şansını artırdı. İndi “şirlər” sonuncu pillədəki “Səbail”dən 9 xal qabaqdadı. Yenə də bölgə təmsilçisi arxayınlaşa bilməz. Ona görə ki, hələ çempionat davam edir və ani diqqətsizlik zəncirvari uğursuzluqlarla nəticələnə bilər. Qısası, “Şamaxı” xal ehtiyatını artırmağa davam etməli, Ayxan Abbasov demişkən, mümkünsə, daha yuxarı pillələrdə qərarlaşmağın yollarını aramalıdı. O başqa məsələ ki, “şirlər” hələ “qırmızı-ağlar”ın meydanında nə qol vurub, nə də xal qazanıb. Deməli, komanda çətin səfər matçında tarixi ilklərə də imza ata bilər.
Komandalar indiyə qədər 6 dəfə üz-üzə gəlib. Bunların 4-də “Araz-Naxçıvan”, 2-də “Şamaxı” qələbə qazanıb. Topların nisbətində “Araz-Naxçıvan” öndədi – 6:3.
KƏNAN BAHADIR