AZ

Saxta səadətin cəriməsi

Gi de Mopassanın “Boyunbağı” novellası haqqında

Novella janrıyla bağlı məndə ilk təsəvvürü bu unudulmaz əsər yaradıb. Mopassanın Bakıda 1980-ci ildə çapdan çıxmış qırmızı üzlü novellalar toplusundakı hekayələri oxuduqca kitaba salınmış qəribə yazıların niyə hekayə, povest yox, məhz novella adlandırıldığını uşaq ağlımla yavaş-yavaş anlamağa başladım. Yadımdadır, o illərdə “Boyunbağı” novellası əsasında bir televiziya tamaşası da çəkilmişdi, bilmirəm o tamaşa arxivlərdə saxlanırmı. Tapıb üzə çıxaran olsaydı, o dövrü xatırlayan adamların yaddaşı təzələnər, hər böyük müəllifin, dünyanı bəzəyən hər böyük kitabın dilimizə gəlişini bayram kimi qarşıladığımız zamanın nostaljisi ruhumuzu oxşayardı.

Mopassan dünya ədəbiyyatında novella yazmağın ən böyük ustasıdır. Əlbəttə, ondan əvvəl də, ondan sonra da bu janrın parlaq örnəkləri yaradılıb, ancaq heç kəs xırda janrı Mopassanın qaldırdığı hörmət-izzət mərtəbəsinə çatdıra bilməyib. Bu məsələdə onu ancaq özündən on yaş kiçik, ondan vur-tut bircə il çox yaşamış Çexovla yanaşı qoymaq olar. Mopassan novellanın rütbəsini haracan qaldırmışdısa, Çexov da hekayənin rütbəsini ora qədər, bəlkə ondan da yarım rütbə yuxarı qaldırmışdı.

***

Gi de Mopassanın yaradıcılığı klassik dövrdən modern çağa atılmış körpü, realizmdən, naturalizmdən simvolizmə, impressionizmə, başqa sözlə, on doqquzuncu əsr nəsrindən iyirminci yüzillik prozasına, klassisizmdən modernizmə keçiddir. Üstəlik, Mopassan təkcə özündən sonrakı söz sənətinə yox, təsviri incəsənət sahəsində də yeni cərəyanların yaranmasına təsir göstərib. İlk mətbu əsərini (bundan əvvəl haqqında danışdığımız “Gonbul” novellasını) ustadı Floberin məsləhətiylə otuz yaşında üzə çıxaran yazıçı qısa müddətdə dövrünün ən şöhrətli, ən varlı qələm adamına çevrilmiş, onun coşqun təbinin dalğaları bütün Avropanı vurmuşdu. Özü deyirdi ki, mən ədəbiyyat aləminə meteor kimi düşmüşəm, şimşək kimi də çaxıb sönəsiyəm.

Məsələ burasındadır ki, onun yanmağıyla sönməyi arasındakı zaman məsafəsi aşağı-yuxarı on il çəkmişdi, o, qələminin yaratdığı möcüzələri vur-tut bu onca ildə göstərmişdi, üç yüz novellanı, altı romanı bu müddət içində yazmışdı. Mopassanın həmin müddətdə kef-damaqdan, ədəbi məclislərdən, təbiət qoynuna müntəzəm ziyarətlərdən, qadın dünyasına zəfər yürüşlərindən qalmadığını nəzərə alsaq, belə məhsuldarlıq ağlasığmaz görünür. Ona dostu Zolyanın yaratdığı Ruqon-Makkar nəslinin hər iki kökdən su içmiş tipik nümayəndəsi kimi də baxmaq olar: bir yanda güclü yaşamaq eşqi, o biri yanda irsi əsəb xəstəliyi (özündən kiçik həkim qardaşı da ruhi xəstəxanada ölmüşdü), bir yanda tükənməz həyat enerjisi, o biri yanda iyirmi beş yaşında yoluxduğu zöhrəvi xəstəlik, bir yanda daim nikbinlik gətirən yaradıcılıq coşqusu, o biri yanda həyatın etibarına inamsızlıqdan doğan bədbinlik qaramatı. Mopassanın yüksəlişi də, çöküşü də bu iki qütbün arasında baş vermişdi.

Ən dəhşətlisi budur ki, o, dünya nəsrini bir addım irəli aparan əsərlərini də bu aralıqda, həyatla ölümün şiddətli mübarizəsi şəraitində, o savaşın xaraba qoyduğu bir vücudun içində koması başına uça-uça yaratmışdı. Eynən Çexov da axır illərini belə bir mübarizədə keçirmişdi, həmin illərdə qələmə aldığı əsərləri vərəm qızdırmasının çağırdığı kabusların arasında yazmışdı. Görün bundan ötrü insana necə qüdrətli enerji, necə möhkəm iradə, necə böyük yaradıcı güc - allah gücü lazımdır.

***

Məmur ailəsində dünyaya gəlmiş gözəl Matilda ərlik yaşına çatanda cehizi olmadığından yüksək cəmiyyətə mənsub varlı balalarından təklif alacağına da heç bir ümid bəsləməyib, taleyinin hökmüylə maarif nazirliyində işləyən kiçik məmura ərə getməyə razılıq verib. Heç bir cəhətinə görə əsilzadə xanımlardan geri qalmasa da, bir çoxundan hətta üstün olsa da, Matilda onlar kimi yaşamır, kübar xanımlar kimi bahalı paltar geyinib cəmiyyət içinə çıxa bilmir. Bu səbəbdən həyatından, taleyindən narazıdır:

“Hiss eləyirdi ki,  Allah onu naz-nemət içində üzmək, zər-zibaya bürünmək üçün yaradıb, amma heç nəyi olmadığından əzab çəkirdi. Bomboş evinin çılpaq divarlarına, sürtülmüş nimdaş stullarına, əzilib didiklənmiş pəncərə pərdələrinə görə utanırdı. Bəlkə də başqa kasıb qadınlar onun evindəki yoxsulluğun fərqinə varmazdılar, amma o özü bunları gördükcə içəridən qovrulub hiddətlənirdi...

Şərq parçalarıyla bəzənmiş, hündür qədim bürünc qəndillərin işığına qərq olmuş sakit qonaq otaqları, buxarının istisindən xumarlanıb mürgüləyən yumşaq səndəlli, ipək corablı əzəmətli nökərlər tez-tez onun yuxusuna girirdi. O, yuxuda qədim qalın pərdələrlə örtünmüş geniş salonlar görürdü...”

Matildanın məmur əri Luazel qismətinə qane olan, ayağını yorğanına görə uzadan adamdır. Axşam işdən qayıdanda qarşısına qoyulan isti kələm şorbası da onu xoşbəxt eləyə bilir. Matilda üçünsə bu, çox azdır, o, bahalı əyin-baş, qiymətli daş-qaş, parlaq şan-şöhrət arzusundadır. İstəyir ki, hamının xoşuna gəlsin, kişilər gözünü ondan çəkməsin, kübar xanımlar onu görəndə paxıllıqdan yanıb-yaxılsın. Monastırda birgə təlim-tərbiyə aldığı varlı rəfiqəsinə hər dəfə qonaq gedəndə Matildanın halı xarab olur, məyusluqdan gün axşamacan ağlayır, hər dəfəsində özünə söz verir ki, bacılığının evinə bir də ayaq basmayacaq.

***

Bir axşam əri işdən sürprizlə qayıdır: maarif naziri onları bazar ertəsi nazirlikdə təşkil olunacaq məclisə dəvət eləyir. Əlbəttə, bu tədbirə düşmək istəyən çox olub, o səbəbdən cənab Luazel dəvətnaməni çətinliklə əldə eləyib, nəzərə almaq lazımdır ki, kiçik məmurları belə yerlərə nadir halda çağırırlar. Bəs necə, bu, hər saat tapılmayan fürsətdir, Matilda o məclisdə böyük-böyük adamları yaxından görəcək!

Xanım Luazel isə sevinmək əvəzinə yasa batır, çünki onun bu məclisə layiq paltarı yoxdur. Əri təklif eləyir ki, Matilda teatra gedəndə geydiyi donu geyinsin, o donla belə yüksək məclisə getmək olar. Matildanı isə hikkəsindən ağlamaq tutur, ərinin ehtiyatla irəli sürdüyü təklifə anlayışla yanaşmaqdansa qadın özünü zərərçəkmiş kimi aparır, balda iştirakdan boyun qaçırmaq istəyir. Onda cənab Luazel dörd yüz franklıq saxlancını özünə yeni don tikdirsin deyə Matildaya verir - bu pulu o, yayda dostlarıyla ova çıxmaq niyyətiylə tüfəng almaq üçün yığmışdı. Matildanın hesabına görə, təzə paltarın da başa gəlməsi elə bu qədər tutar.

Beləliklə, xanım Luazelin işi düzəlir, ancaq məclisin vaxtı yaxınlaşdıqca onu yenə qəm-qüssə basır. Matildanın təzə dona yaraşıq verəsi, paltarın dəbdəbəsinə uyğun nə bir üzüyü, bilərziyi, nə muncuğu, daş-qaşı var, bunlarsız da paltar nə qədər gözəl olur olsun, çılpaq, təmtəraqsız görünür. Bər-bəzəkli, sözbaz, qeybətcil kübar xanımların arasına dilənçi görkəmində çıxmaq olmaz. Onda əri ona məsləhət görür ki, varlı rəfiqəsi xanım Forestyenin üstünə borca gedib onun zinət əşyalarından birini əmanət götürsün. Söz Matildanın ağlına batır, bacılığının zəngin kolleksiyasından brilyant boyunbağını seçib böyük həvəslə, həyəcanla yüksək məclisə hazırlaşır.

***

“Nəhayət, məclisin vaxtı çatdı. Bal günü hamının gözü xanım Luazeldə qaldı. O hamıdan gözəl idi, zərif, qəşəng, şən görünən bu xanım sevincindən məst olmuşdu. Kişilər ondan gözünü çəkmir, onunla maraqlanır, onun kim olduğunu soruşur, çalışırdılar onunla tanış olsunlar. Xüsusi tapşırıq şöbəsinin məmurları yalnız onunla vals oynamaq istəyirdilər. Hətta nazir özü də onunla maraqlandı.

O, coşqun bir həvəslə, ehtirasla, sevincindən başı gicəllənə-gicəllənə, hər şeyi unudub öz gözəlliyinin təntənəsindən həzz ala-ala, qələbəsindən məst olmuş halda, kişilərin təzimindən, pərəstişindən, onların qəlbində oyatdığı ehtiraslı arzulardan ruhlanmaqla, qadın qəlbini müdam riqqətə gətirən tam qələbə duyğusuyla xoşbəxtlik dumanına bürünmüş kimi rəqs eləyirdi”.

Gecə saat dörddə məclis dağılır, onlar kefi kök, damağı çağ evə qayıdırlar. Evdə məlum olur ki, Matilda xanım Forestyedən əmanət aldığı brilyant boyunbağını itirib. Bu, yoxsul məmur ailəsinə kəsilmiş ölüm hökmüdür!

Gəldikləri yolu geri qayıdırlar, hər yeri ələk-vələk eləyirlər, faytonçunu sorğu-suala çəkirlər, boyunbağını gördüm deyən tapılmır. Cənab Luazel polis idarəsinə gedir, qəzetdə elan verir, fayton dayanacağını eninə-uzununa yoxlayır, gümanı gələn hər yerdə eşələnir, nəhayət, səhər saat yeddidə əliboş evə qayıdır. Matilda ərinin diktəsiylə rəfiqəsinə məktub yazıb ondan bir bəhanəylə möhlət istəyir.

Ardı növbəti sayımızda...

F.Uğurlıu

Seçilən
70
yeniazerbaycan.com

1Mənbələr